Avropa Parlamentinin üzvü: “Azərbaycanın BMT qətnamələrindən yararlanmaq hüquqları təmin olunmalıdır”

8 Oktyabr 2013 18:31 (UTC+04:00)

Klodyu Kiprian Tanasesku: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməlidir"

"2003-cü ildən etibarən Avropa İttifaqı özünün təhlükəsizlik strategiyasına xüsusi önəm verir. Belə ki, onun xarici və təhlükəsizlik siyasəti beynəlxalq hüquqa əsaslanır. Buna görə də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və işğal olunmuş yeddi ətraf rayona dair qəbul etdiyi qətnamələr Avropanın perspektivləri baxımından zəruridir və mütləq əməl olunmalıdır".

 

APA-nın məlumatına görə, bunu Avropa Parlamentinin üzvü Klodyu Kiprian Tanasesku Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib.

 

O, ərazi bütövlüyünün dövlət suverenliyinin əsas komponenti olduğunu bildirib: "Buna görə də əhali beynəlxalq hüquqla müəyyən olunmuş sərhədlər daxilində sülh şəraitində yaşamaq hüququna malikdir. Azərbaycanın hazırkı şəraitində bu mümkün deyil. Onun ərazisinin 20 faizi qonşu dövlətin nizami ordusunun işğalı altındadır və eyni zamanda da bir çox azərbaycanlı məcburi köçkünün vətənidir. Bu, dözülməz bir vəziyyətdir.

 

Cənubi Qafqaz dövlətləri Avropa üçün çox mühüm əhəmiyyət daşıyır. Bunun səbəbi təkcə onların coğrafi cəhətdən qonşu regionda yerləşmələri deyil. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Misal olaraq, Cənub dəhlizi vasitəsilə nəql edilən qazı göstərmək olar. Bu iqtisadi mübadilə hər iki tərəfin xeyrinədir. Cənubi Qafqaz regionlarında vəziyyəti sabitləşdirmək üçün Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrindən yararlanmaq hüquqları təmin olunmalıdır. Ermənistanla Azərbaycan arasında barışıq uzun müddətdir ki, yubanır.

 

Bu münaqişənin həll olunmasında Avropa İttifaqı köməklik göstərməlidir. Məsələnin mərkəzində isə Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu dayanır. Burada Avropa İttifaqının köməyi ilə sülh prosesini sürətləndirmək lazımdır. Bununla belə, məsələnin həllinə müvəffəq olmaq üçün münaqişədə olan tərəflərin danışıqlar masasına yenidən oturmaları başlıca prinsipdir".