"Azərsu" iki kəndin sakinlərini sevindirdi

8 Oktyabr 2013 18:59 (UTC+04:00)
"Azərsu" ASC içməli sudan əziyyət çəkən kəndlərdə su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir.  "Azərsu" ASC-dən Movqe.az-a verilən məlumata görə, belə layihələrdən biri Şəki rayonunun Qaratorpaq və Bolludərə kəndlərində həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində magistral su xəttinin tikintisi başa çatıb və Qaratorpaq kəndinə içməli suyun verilməsinə başlanılıb. Həyata keçirilən yeni layihə Qaratorpaq və Bolludərə kəndlərində 2200 nəfərin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur. Bu kəndləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi kimi Oğuz rayonunun Söyüdlü kəndindəki su anbarı seçilib. Layihənin  birinci mərhələsində su mənbəyindən Qaratorpaq kəndinə qədər 11 km uzunluğunda magistral su xətti çəkilib. Kənd ərazisində ümumi istifadə üçün 1 ədəd su bulağı və 1 ədəd su dayağı quraşdırılıb. Bu layihənin davamı olaraq növbəti mərhələdə rayonun Bolludərə kəndinə polietilen borularla 7 km uzunluğunda magistral su xətti çəkiləcək.