ARDNŞ təqaüdçü neftçilər üçün Könüllü Tibbi Sığorta Proqramının icrasına başlayıb

8 Oktyabr 2013 19:19 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisə və təşkilatlarında fəaliyyət göstərmiş və təqaüdə çıxmış sabiq işçilərin tibbi təminatını yaxşılaşdırmaq, onlara yüksək səviyyədə tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə ARDNŞ və "PAŞA Sığorta" ASC arasında Könüllü Tibbi Sığorta müqaviləsi imzalanıb.


ARDNŞ-dən "APA-Economics"ə verilən məlumata görə, müqaviləyə əsasən, sığorta şirkəti Könüllü Tibbi Sığorta Proqramı çərçivəsində ARDNŞ-in sabiq əməkdaşları üçün təcili tibbi yardım, ambulator-poliklinika və stasionar müalicə kimi xidmətlərin təşkilini öz üzərinə götürür.

 

Sığorta proqramı üzrə tibbi xidmətdən yararlanmaq istəyən təqaüdçülər qeydiyyata alınmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasında "PAŞA Sığorta" şirkətinin nümayəndələrinə müraciət edərək, əmək kitabçasının və təqaüdçü statusunu əks etdirən sənədin notariat qaydada təsdiqlənmiş surətlərini, həmçinin ARDNŞ-in təşkilat və müəssisələrində işlədiklərini təsdiq edən arayışı təqdim etməlidirlər.