Soçi Olimpiadası Qarabağ müharibəsini yenidən alovlandıracaq

9 Oktyabr 2013 08:52 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində aparılan danışıqlarda yaşanan durğunluq hələ də davam etməkdədir. Belə vziyyət isə azərbaycanı birmənalı şəkildə qane etmir və bu halda problemin hərbi müstəvidə həlli ehtimalı artır. Elə bu günlərdə bununla bağlı Beynəlxalq Böhran Qrupu (BBQ) da xəbərdarlıqla çıxış edərək hər an Qarabağ cəbhəsində hərbi əməliyyatların yenilənə biləcəyini bəyan etmişdi.

Azərbaycan isə ərazilərinin işğal altında qalması ilə barışmaq niyyətində deyil. Bu məsələyə toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əfsuslar olsun ki, son aylar ərzində heç bir irəliləyiş yoxdur. Ancaq biz bu aylar və əvvəlki illər ərzində Azərbaycanı böyük dərəcədə gücləndirə bilmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşir, böyüyür. Azərbaycan dinamik inkişaf edən güclü dövlətdir, Ermənistan isə ildən-ilə zəifləyən və yoxsullaşan bir ölkədir. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan öz hesabına yaşaya bilmir, asılı vəziyyətdədir. Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf etməyə məcbur olmuşlar ki, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. Bu, əslində iflasın etirafıdır. Bu, əslində məğlubiyyətin etirafıdır. Çünki əgər bir ölkə 22 ildir müstəqil ölkə kimi özünü təqdim etməyə çalışır, etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, o ölkə müstəqil ölkə kimi yaşaya bilməz. Sadəcə olaraq, buna vaxt lazımdır və əminəm ki, regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev də bu günlərdə bildirib ki, Ermənistan tezliklə təcavüzkar siyasətindən geri durmasa, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq. Beynəlxalq təşkilatların, Avropanın aparıcı dövlətlərinin, xüsusilə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün fəaliyyətlərini gücləndirmələrinə ciddi ehtiyac olduğunu bildirən Səfər Əbiyev əks təqdirdə bölgədə arzu olunmayan ağır problemlərin yaranacağını vurğulayıb. Müharibənin hələ bitmədiyini xatırladan nazir diqqətə çatdırıb ki, tezliklə Ermənistan bu təcavüzkar siyasətindən geri durmasa torpaqların işğaldan azad edilməsi üçün Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq.

Proseslərin gedişi isə Ermənistanın mövqeyində dəyişiklik etməyəcəyi təqdirdə problemin hərbi müstəvidə həllinin qaçılmaz olduğunu göstərir hərbi əməliyyatların isə gələn il başlana biləcəyinə dair artıq müəyyən fikirlər səsləndirilməkdədir. Bu xüsusda rusiyalı hərbi ekspert Aleksandr Peneciyev yeni maraqlı fikirlər səsləndirir. Onun sözlərinə görə, Qarabağ müharibəsi Rusiyada Soçi olimpiya oyunlarının keçrildiy vaxt yenidən alovlana bilər. Ekspert qeyd edir ki, Azərbaycan cəmiyyəti və hakimiyyəti münaqişənin həllinin uzanmasından çox narazıdır: "Bundan başqa Azərbaycan hərbi hissələri ermənilərdən fərqli olaraq özünə çox əmindir. Digər tərəfdən Ermənistanın güvəndiyi Rusiya qüvvə və vasitələri daha çox Soçi Olimpiadasının təhlükəsizlyinin təmin olunmasına cəlb ediləcək. Bu da Rusiyaya münaqişənin həllinə müdaxilə etməyə ikan vermir".

Onun sözlərinə görə, Azərbaycan Ordusu Ermənistanla müqayisədə aşkar üstünlüyü malikdir: "Tankların, döyüş maşınlarının, hərbi təyyarələrin sayında da Azərbaycanın açıq üstünlüyü var. Azərbaycan ordusu erməni silahlı qüvvələri ilə müqayisədə daah müasir idarəçilik sisteminə və əlaqələrinə malikdir".

Ekspert bildirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da münaqişənin gedişinə müdaxilə edə bilməyəcək. Bu fikri Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeev də təsdiq edir. O bildirib ki, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil: "Ona görə də KTMT-nin Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə bu müharibə qoşulması mümkün olmayacaq". Onun sözlərinə görə, KTMT yalnız təşkilata üzv ölkələrin təhlükəsizliyini qorumağa cavabdehdir: "Dağlıq Qarabağ Ermənistan ərazisi olmadığından KTMT-nin bu müharibəyə qoşulması mümkün deyil. Lakin Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı təhlükə baş verərsə, o zaman KTMT nizamnaməsinə uyğun olaraq hərəkət edəcək".Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya və Qafqaz Tədqiqat Mərkəzinin işçi qrupunun koordinatoru Aleksandr Skakov isə qeyd edir ki, KTMT ölkələrinə hərbi təcavüz olunacağı zaman çıxış yolu təkcə təşkilatın müharibəyə qoşulması demək deyil: "KTMT təkcə hərbi təşkilat deyil. Ermənistan-Azərbaycan müharibəsi başlayacağı təqdirdə, KTMT beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edəcək".