Gülər Əhmədovanın vəkili: "Törətdiyi cinayətə görə qanun qarşısında cavab verməlidir"

9 Oktyabr 2013 00:10 (UTC+04:00)
Tanınmış vəkil Zülfiyyə Bayramovaya dəymiş ziyan ödənilsə belə, onu aldadan şəxsi bağışlamaq niyyətində deyil. Aldadılaraq əlindən alınmış pulların hamısı son qəpiyinə qədər qaytarılsa da, onun hirsi hələ də soyumayıb.

Vəkil Z.Bayramova Milli.Az-a açıqlamasında deyib ki, Amil Qurbanov törətdiyi cinayətə görə qanun qarşısında cavab verməlidir.

"Ən azından ona görə ki, mənim haqqımda televiziyada, qəzetlərdə yalan informasiyalar yaydı. Məni yalançı adlandırdı. Mən onu məhkəməyə verəcəm ki, araşdırılsın görək qanun qarşısında kim günahkardır. Əgər mən günahkar idimsə, nəyə görə pulu geri qaytardı?" - o əlavə edib.

Vəkil deyir ki, Amil Qurbanov da, anası pulu geri qaytardıqdan sonra ondan üzr istəyiblər. Buna baxmayaraq, vəkil hələ də onu aldadaraq 18500 manat pulu alan, sonra isə haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan şəxsdən acıqlıdır.

"Mənim şərəf və ləyaqətimi alçaltdığına görə məhkəməyə veriləcək. Mənə və mənim ailəmə yaraşmayan sözlər işlətdiyinə görə, mütləq məhkəməyə veriləcək. O da, anası da məndən üzr istədi. Ancaq məni cəmiyyət qarşısında biabır etdikdən sonra bir otaqda üzr istəməyi keçərli deyil. Gərək cəmiyyət qarşısında məndən üzr istəsin", - o əlavə edib.

Qeyd edək ki, Amil Qurbanov adlı şəxs maşın gətirmək bəhanəsi ilə Zülfiyyə Bayramovadan 18500 manat almışdı. Z.Bayramova pulunu geri almaq üçün məhkəməyə müraciət etdikdə, Amil Qurbanov mətbuata açıqlama verərək Z.Bayramovanın ittihamlarını yalan adlandırmışdı.