AŞPA Müşahidə Missiyasının rəhbəri: “Seçki prosesində hələlik heç bir problemlə rastlaşmamışıq”

9 Oktyabr 2013 11:20 (UTC+04:00)

Avropa Şurası Parlament Assableyasının (AŞPA) müşahidə missiyasının üzvləri Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə başlayıb.


Apa-nın xəbərinə görə, Missiyanın rəhbəri, İngiltərə parlamentinin üzvü Robert Valter öncə 16 saylı Yasamal ikinci Dairə Seçki Komissiyasının 12 saylı məntəqəsində olub. R. Valter məntəqədə açılış prosesini izləyib, məntəqə komissiyasının sədrinə suallar ünvanlayıb.

 

AŞPA müşahidə missiyasının rəhbəri daha sonra dairənin 14, 9 və 10 saylı məntəqələrində olub. R. Valter bu məntəqələrdə də prosesin müşahidə edib, veb-kameraların olub-olmaması, seçkilərin təşkili, hazırlıq prosesi ilə maraqlanıb.

 

AŞPA missiyasının rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, məntəqələrdə hər şey qaydasındadır, hələlik heç bir problemlə rastlaşmayıblar. O, müşahidə nəticələrinin seçkilər başa çatandan sonra yayacaqları bəyanatda öz əksini tapacağını açıqlayıb.