Fermer gələcək məhsulunu girov qoymaqla kredit götürə biləcək?!

9 Oktyabr 2013 12:01 (UTC+04:00)
Məlumdur ki, bu gün ölkə ərazisində banklar tərəfindən verilən kreditlərin böyük hissəsi paytaxtın payına düşür. Bunlar əsasən biznes və istehlak kreditləridir. Regionlara özəl kommerisya bankları tərəfindən verilən kreditlərin azlığı ən çox aqrar sahədə hiss olunur. Həmin sektor riskli hesab edildiyindən banklar kənd təsərrüfatına kredit verməkdə maraqlı deyillər. Bu, ölkə üzrə ümumi kredit portfelindəki rəqəmlərdə də görünür. Ancaq bankların bu sahədə stimullaşması üçün dünya praktikasında bir çox üsullardan istifadə edirlər. Belə ki, bəzi ölkələrdə konkret ixtisaslaşmış aqrar bank fəaliyyət göstərir. Yaxud da bununla bağlı Rusiya Federasiyasında ilin sonuna qədər yeni qanun layihəsi hazırlanacaq. Hansı ki, bu qanuna əsasən, fermer bankdan kredit götürmək üçün gələcək məhsulunu girov kimi qoya biləcək. Xatırladaq ki, oşxar qanun artıq Ukrayna da daxil olmaqla, dünyanın bir çox ölkələrində tətbiq edilməkdədir. Əhalimizin təxminən 40%-ə yaxın hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu nəzərə alsaq, mütəxəssislər müvafiq təcrübəni ölkəmiz üçün də məqsədəuyğun hesab edirlər.

Kənd təsərrüfatı üzrə ekspert Nizami Qarayev bildirdi ki, ümumiyyətlə, Azərbaycanda kredit portfelində kənd təsərrüfatına verilən kreditlərin həcmi çox azdır: "Beynəlxalq Bankın açıqladığı rəqəmlərə görə, ümumi kredit portfelində kənd təsərrüfatı kreditlərinin payı 4.9 %-dir. Bu da çox azdır. Çünki, əhalinin təxminən 38%-i kənd təsərrüfatı sektorunda çalışır. Amma kreditlərin cəmi 5%-nin kənd təsərrüfatına verilməsi kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətini azaldır. Ümumiyyətlə, kənd təsərrüfatının kreditləşməsi mexanizminin sadələşdirilməsi çox vacibdir. Çünki, banklar kənd təsərrüfatına kredit verməkdə maraqlı deyillər. Ona görə ki, kənd təsərrüfatı kifayət qədər riskli sahədir. Vəziyyətdən çıxış yolu olaraq kreditlərin verilməsi üçün əlavə mexanizmlər fikirləşilməlidir. Belə bir mexanizm artıq Rusiyada ortaya qoyulub. Azərbaycanda da buna oxşar mexanizmlər tətbiq etmək olar. Yaxud da əlavə mexanizmlər fikirləşmək olar ki, banklar regionda olan əmlakı bank girovu kimi götürsün. Yaxşı olar ki, regionlardakı əmlak da kreditləşmədə bank girovu kimi istifadə olunsun. Yaxud da fermerin istifadəsində olan torpaq girov kimi götürülsün. Bunlarla paralel olaraq kənd təsərrüfatının krediləşməsi üçün istehsal olunacaq məhsulun sığortalanması mexanizmini tətbiq etmək olar. Yaxud da kənd təsərrüfatına verilən kreditlərin sığortalanması fondunu yaratmaq mümkündür. Bu kimi müxtəlif mexanizmlər fikirləşərək kənd təsərrüfatındakı kreditlərinin miqdarının artmasına, onun faiz dərəcəsinin aşağı düşməsinə nail olmaq olar. Əgər bunlar tətbiq edilərsə, Azərbaycandakı ciddi kənd təsərrüfatı potensialı hərəkətə gətirilə bilər. Nəticədə ölkənin ərzaq təhlükəsizliinə ciddi töhvə veriləcək. Bundan başqa, daha da qabağa gedib, müvafiq ixtisaslaşmış aqrar bankın yaradılması da çıxş yolu ola bilər".

İqtisadçı ekspert Yusif Vəliyevin fikrincə, kənd təsərrüfatı sektorunda yaşanan problemin kökü ondan ibarətdir ki, fermerlər bazarı düzgün analiz edə bilmirlər: "Bazar düzgün analiz olunmadığı üçün kredit alınır və sonda ödənilməyəndə problemlər yaşanmağa başlanır. Dövlət tərəfindən subsidiyalar verilərkən də bu kimi hallar olur ki, subsidiyalar alınır, amma fermer müvafiq göstərilən istiqamətdə xərcləmir. Onsuz da buna nəzarət mexanizmi həyata keçirilmir. Amma kreditlərlə bağlı iş isə bankın səlahiyyətində olan məsələdir. Bankın maraqları qorunmalıdır".

Ekspert əlavə etdi ki, Rusiyadakı oxşar layihənin Azərbaycanda reallaşdırılması özü də müəyyən qədər problem yarada bilər: "Çünki, problemin kökü fermerlərin düzgün iqtisadi analiz apara bilməməsindədir. Gələcək məhsul girov qoyulsa belə, həmin girovun özünün tələf olması baş verə bilər. Bu da yenidən bank üçün yaxşı hal olmayacaq. Bunun üçün banklarla fermerlər arasında ayrıca yeni bir vasitəçi qurumun yaradılması lazımdır. Hansı ki, həmin qurum sırf analizləri aparır və fermerləri məlumatlandırır. Bütün məsuliyyəti də həmin vasitəçi qurum daşıyacaq. Bu zaman həm bazar düzgün analiz olunacaq, həm də girovun nə qədər qoyulması, hansı məhsulların daha çox xeyir verməsini həmin qurum müəyyənləşdirəcək. Banklar o qurumun təlimatı olandan sonra fermerlərə kredit verərsə, problemlər müəyyən qədər həll oluna bilər. Yəni, dəyərləndirməni fermerin üzərinə buraxmaq özü bir riskdir".