«İnama Doğru» dərgisinin 37-ci sayı çıxdı

9 Oktyabr 2013 14:17 (UTC+04:00)

İnam Atanın Mütləqə İnam Ocağının "İnama Doğru" dərgisinin 37-ci sayı işıq üzü görüb. Bu haqda Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.Dərginin üz qabığında "İnam Ata -78: Ata Gəlişi – İnsanlığın dirçəlişi!" harayı çəkilir. İnam Atanın "Yol.Ata Sözü" 3-cü Kutsal Kitabının ardı ("Mənəviyyat meyarı", "Tərəqqi meyarı", "Səadət meyarı", "Mütləq", "İnsan") sayğılı oxucularımıza sunulur.

Ocağın Ruhani Başçısı Safruhun "Ata Evini Ağırlama" Mərasimindəki sözü ("Evin Ocağa sözü", "Evin Türk Ulusuna sözü", "Evin Dünyaya sözü"), yenə də Safruhun "Möhtəşəm İnamçılar, Ocaq Dostları yetişməkdədir" yazıları dərginin bu sayında yer alıb.

Sadiq Atalı "Heyrət, ey büt…" yazısında Ocağa heyrətini ifadə edib. "Dan Yeri" Ocaq Ailəsinin hesabatı dinlənilib": bu yazıda ulusumuza Türk Əlifbasının ömürləşməsinin müjdəsini veririk.

Ocaq Yükümlüsü İşıqlı Atalının "İnam Atanın Gəlişi" harayında Atanın 78 yaşı üstə onun Mütləqə İnam yaradıcılığına bərabər ömrü, Evladlarının ardıcıllıq ləyaqəti aydın, ruhlu bir dillə təhlil olunur, ulusumuz, bəşər müjdələnir.

"Ocaqçılar "Dhammapada"nın təqdimatında iştirak ediblər", "İşıqlı Atalı Bakının qurtuluş günü ilə bağlı tədbirdə çıxış edib" yazıları Ata ayındakı Ocağımızın saysız gerçəkləşmə addımlarından soraq verir. "Asif Ata Ocağında Şərqilik Bayramı keçirilib" yazısında zəngin tədbir yazısını ruhani məzmunlu şəkillər müşaiyət edir.

Ruhaniyyatçı-filosof Yolruh Atalının "Varlıq-yenilənmə-ilkinlik", "Qorxu-cinayət-cəza" əsərlərində Ocaq fəlsəfəsi Evlad yaradıcılığı üstə uğurla davam etdirilir.

Ocaq Dostu Məhərrəm Şəmkirlinin "Asif Ata əbədiliyi" yazısında Ataya dərin sevgi, yurddaş sayğısı ulusal ləyaqət səviyyəsində, təsdiqində ifadə olunub.

"İşıqlı Atalı mədəniyyətlə bağlı müzakirədə iştirak edib" yazısında Ocaq ideyalarının ictimai toplantılarda gerçəkləşməsinin daha bir örnəyindən söz açılır.

"Ata Gəlişi – İnsanlığın dirçəlişi!" yazısı Kutsal Ata Günü Mərasimindən soraq verir.

"Ocaq TV-nin 1 yaşı kutlanıb" yazısında ictimai mühitdə tanınmış Ocaq TV-nin bir yaşının Ocaqçılarla yanaşı, İnamçılar, aydınlarımızla birgə kutlanmasından danışılır.

"Hər an Həqiqətə doğru!" adlı yazıda Ata ayındakı Ocaq Ailələrinin Ruhani Mərkəzdə keçirilən toplantısından söz açılır.

Dərginin 16-cı səhifəsi "Ocaq soraqları" adlanır. Burada "Safruh Ocaq Yükümlüsü İşıqlı Atalını alqışlayıb", "Safruhun "Yeni Oğuz Sözü" kitabı elektron variantda", "Şərqilik Bayramının gəlişi münasibətilə tonqal çatılıb", "Doğmalarının Safruha və xalqımızın müqəddəs ünvanı İnam Evinə dərin sayğıları var", "Asif Ata Ocağının Kitabları sərgilənib" başlıqlı xəbərlər yer alıb.