Azərbaycanın ən yaşlı seçicisi səs verib

9 Oktyabr 2013 16:51 (UTC+04:00)

Üç əsrin şahidi olan 124 yaşlı Gözəl Dadaşova 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 24 saylı seçki məntəqəsində səs verib.


Dünyanın ən yaşlı sakinlərindən biri olan Gözəl Dadaşova APA-ya müsahibəsində deyib ki, ailə üzvləri ilə birgə oktyabrın 9-da səhər saat 11:00 radələrində Ağdaş rayonunun Qulbəndə kəndindəki seçki məntəqəsinə gedərək sərbəst şəkildə səsvermədə iştirak edib.

 

O özü ilə bərabər, 41 övladının, nəvəsinin, nəticəsinin və kötücəsinin də prezident seçkilərində iştirak etdiyini bildirib. Yaşının çox olmasına baxmayaraq, sərbəst hərəkət edən, yaddaşından şikayəti olmayan, normal görmə qabiliyyətinə malik olan və özünü sağlam hiss edən 124 yaşlı Gözəl nənə dəfələrlə seçkilərdə iştirak etdiyini deyib.

 

G. Dadaşova məntəqədə seçkinin normal şəkildə təşkil olunduğunu, ona səsvermə zamanı heç kimin kömək etmədiyini və sərbəst şəkildə bülleteni dolduraraq seçki qutusuna atdığını bildirib.

 

Azərbaycanın ən uzunömürlü seçicisi olan Gözəl Dadaşova gümrah olduğu üçün daşınan qutunun evə gətirilməsini istəmədiyini, seçki məntəqəsində səs verdiyini qeyd edib.