Adil Qeybulla: "Çin istehsalı olan oyuncaqların əksəriyyətinin tərkibində bioksin adlı toksiki maddə var ki, bu uşaqlara həddindən artıq zərərli təsir göstərir"
Uşaqlara oyuncaq alarkən diqqətli olmaq lazımdır. Belə ki, bilmədən aldığımız oyuncaqlar bəzən onların ciddi problemlərlə üzləşməsinə gətirib çıxara bilər. Araşdırmalar göstərir ki, Azərbaycana xaricdən gətirilən uşaq oyuncaqlarının əksəriyyətini Çin məhsulları təşkil edir ki, onların da bəzilərinin tərkibində orqanizmə zərərli olan bir sıra maddələrin mövcudluğuna dair zaman-zaman fikirlər səslənir. Ümumiyyətlə, bu hal müxtəlif MDB ölkələrində müşahidə olunur. Buna qarşı müxtəlif mübarizə tədbirləri həyata keçirilir. Məsələn, Ukrayna bildirir ki, oyuncaqlaar bundan sonra daha sərt formada nəzarət olunacaq və bununla bağlı ölkənin İqtisadi İnkişaf nazirliyinə yeni səlahiyyətlər veriləcək. Azərbaycanda da analoji addımların atılmasına ehtiyac var.
Azad İstehlakçılar Birlyinin (AİB)
sədri Eyyub Hüseynov Movqe.az-a mövzu ilə əlaqədar açıqlamasında
Azərbaycanda bu problemə qarşı qanunvericiliklə mübarizə aparılsa
da, qanuna tam şəkildə əməl olunmadığından bu cür zərərli
məhsulların satışının davam etdiyini bildirib: "Nazirlər
Kabinetinin qərarı ilə bir sıra mallar, o cümlədən uşaq oyuncaqları
ölkə bazarına girməzdən öncə ekspertizadan keçirilməli, sonra
bazara buraxılmalıdır. Lakin Nazirlər Kabinetinin bu qərarına
ciddi əməl olunmadığından Çində istehsal olunan zərərli
oyuncaqların satıldığının şahidi oluruq. Və bunlar əhali tərəfindən
alınır. Bu dəqiqə uşaq oyuncaqlarının 80%-i sertifikatlaşdırılmır.
Cürbəcür yollarla gətirilən məhsullar, təbii ki, bəzən kiçik yaşlı
uşaqların zəhərlənməsinə səbəb olur. Qanunvericilikdə bu məsələyə
kifayət qədər nəzarət mexanizmi var. Lakin bu nəzarət bəzi dövlət
orqanlarının qeyri-fəal fəaliyyəti ilə düz gəlmir. İstehlakçılar
özləri özlərini qorumalıdırlar. Uşaq oyuncaqları alarkən pis qoxu
gələrsə, yaş parça ilə oyuncağı siləndə rəngi çıxırsa, oyuncağın
tükləri çıxırsa, belə oyuncaqları almasınlar. Bundan başqa,
istehlakçılar məhsulları alarkən sertifikatlarını da tələb
etsinlər. Bu sahədə qanunlar nə qədər sərtləşdirilsə, o qədər yaxşı
olar".
Tibb məsələləri üzrə ekspert Adil Qeybulla
saytımıza verdiyi açıqlamada keyfiyyətsiz oyuncaqların
uşaqların orqanizminə verə biləcəyi təsirlərdən danışıb: "
Ölkəmizdə satılan Çin istehsalı məhsullar bu cəhətdən çox
zərərlidir. Uşaq oyuncaqlarının hazırlanmasında istifadə olunan
plastmaslar orqanizmlə, dəri ilə təmasda olarkən qıcıqlandırmalar
yaratmamalıdır. Lakin müəyyən olunmuşdur ki, Çin istehsalı olan
oyuncaqların əksəriyyətinin tərkibində bioksin adlı toksiki maddə
var ki, bu uşaqlara həddindən artıq zərərli təsir göstərir. Uşaqlar
bu cür oyuncaqları dişləyirlər, ağızlarına sürtürlər, əllərində
uzun müddət saxlayırlar ki, bu da həddən artıq zərərli olur. Bəzən
bu çox pis vəziyyətlərə gətirib çıxara bilər. Hesab edirəm ki, bu
cür orqanizmə zərərli olan keyfiyyətsiz məhsulların ölkəyə
daxil olmasının qarşısını almaq lazımdır. Bu cür məhsulların
atılması məsələsi də var. Amma atıldıqdan sonra belə bu məhsullar
hardasa qaldığı üçün toksiki təsirini göstərə bilər. Ona görə də,
çalışmaq lazımdır ki, ölkəmizə nəinki plastmasdan hazırlanmış
oyuuncaqların, o cümlədən digər plastmas vasitələrin gətirilməsinə
yol verilməsin. Bu sahədə qanunvericilik tədbirlərinin
gücləndirilməsinə ehtiyac var".