Ombudsman Bakının 11 rayonu üzrə 30 məntəqədə səsvermə prosesini müşahidə edib

9 Oktyabr 2013 18:57 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bakının 11 rayonu üzrə 30 seçki məntəqəsində səsvermə prosesini müşahidə edib.

Bunu jurnalistlərə Ombudsman Elmira Süleymanova özü bildirib. E. Süleymanova deyib k, Ombudsman Aparatı əməkdaşları tərəfindən respublikanın əksər bölgələrində seçki prosesi izlənilib: "Əməkdaşlarımız ölkənin bütün bölgələri üzrə fəaliyyət göstərirlər. Əldə etdiyimiz məlumatlarda, səsvermə ilə bağlı heç bir şikayət və ya bu formada məlumat olmayıb. Şəxsən mən ayrı-ayrı namizədlərin nümayəndələri ilə də söhbətlər aparmışam. Onlar heç bir narahatçılığın olmadığını bildiriblər".

 

Ombudsman əlavə edib ki, seçki prosesini izləyən beynəlxalq müşahidəçilərlə də söhbət aparıb: "ATƏT-in, həmçinin ABŞ, İsveç, Pakistan və digər müxtəlif ölkələrin müşahidəçilərinin seçkiləri yüksək səviyyədə keçirildiyini və bunun üçün bütün lazımı tədbirlərin görüldüyünü vurğulayıblar. Onlar bildiriblər ki, Azərbaycanın seçki prosesindən öyrənməli çox şey var".