Sürüşmə təhlükəsi yenidən baş qaldıra bilər

21 May 2012 13:11 (UTC+04:00)

Son dövrlər ölkə çaylarında sululuq səviyyəsinin artması müşahidə olunur. Aydındır ki, çaylarda su səviyyəsinin artması bəzən bir sıra təbii fəlakətlərə yol açır. Məsələn, çayların daşması ətraf ərazilərdəki torpaq örtüyünün su altında qalmasına, bitki aləminin məhvinə səbəb olur. Sululuğun artması həmçinin sürüşmə riskini də artırır.

Qeyd edək ki, sürüşmələrə səbəb olan faktorlar sırasında zəlzələ, vulkan püskürmələrindən sonra qrunt sularının səviyyəsinin artması öncül yerlərdə durur. Ekspertlər hesab edirlər ki, bu ilin əvvəllərində Azərbaycanın paytaxtında və bir sıra rayonlarda müşahidə olunan sürüşmə halları yenidən təkrar oluna bilər. Çünki Azərbaycanın Qərb rayonlarında baş verən zəlzələlər və Kür, Araz, həmçinin digər çaylarında su səviyyəsinin artması sürüşmə risklərini artırır. Çaylarda suyun səviyyəsinin artması həmçinin qrunt sularının da həcminin artmasına səbəb olur. Qrunt suları da torpaq altındakı gilləri boşaldır və torpaq sürüşməsi baş verir.

Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyevin sözlərinə görə, Azərbaycanda potensial sürüşmə zonaları var ki, onlara azacıq kənar təsirlər kifayət edir ki, aktivləşsin: "Qeyd olunan potensial sürüşmə zonaları daha çox Bakı şəhərinə və dağlıq rayonlara aiddir ki, onların da hərəkətə düşməsi əsasən yağıntılarla bağlıdır. Kür və Araz çaylarında su səviyyəsinin artmasının sürüşmələrə nə kimi təsir göstərməsinə gəldikdə isə düşünürəm ki, həmin çayların keçdikləri ərazilərdə potensial sürüşmə zonaları mövcud deyil. Bu mənada narahatlığa əsas yoxdur".

F.Əliyev qeyd etdi ki, Azərbaycanda sürüşmədən danışarkən daha çox torpaq sürüşməsindən bəhs edilir: "Halbuki, leysan yağışları, xüsusilə də dağlıq rayonlarda iri daşların sürüşməsinə, yolların bağlanmasına, qəza vəziyyətlərinin artmasına səbəb olur. Yaz aylarında dağlarda yerüstü sürüşmələr daha çox olur".

Ekspert onu da bildirdi ki, dağ yamaclarında, çay qıraqlarında, kəndlərdə sürüşmələr həmişə olur: "Amma bu sürüşmələr insan fəlakətinə səbəb olmadığı üçün mediaya bu qədər sızmır. İnsan məskəninin olduğu coğrafi ərazilərdə baş verən sürüşmələr daha ağır fəsadlara səbəb olduğundan daha çox bu barədə danışırıq. İndiki halda hesab edirəm ki, çaylarda su səviyyəsinin artmasının, bəzi dağlıq rayonlara leysan yağışlarının yağmasının Bakı şəhərindəki sürüşmə zonalarının aktivləşməsinə heç bir təsiri ola bilməz. Bakıda sürüşmələr bir də gələn ilin yazın əvvəllərində qeydə alına bilər. Aidiyyəti dövlət qurumları buna indidən hazırlaşmalıdılar. Hansı işlərin görülməli olduğuna dair təkliflərimi daha öncədən elə sizin qəzetinizdə səsləndirmişəm".

F.Əliyev hesab edir ki, Azərbaycanda heç vaxt ciddi təbii fəlakət baş verməyib: "Ekoloji və geoloji baxımından Cənubi Qafqazda ən sabit ölkə Azərbaycandır. Ölkədəki çayların mənbələri xarici ərazilərdən başlayır. İstər Araz çayı, istərsə də Kür çayı öz mənbəyini xarici ölkələrdəki dağlardan götürür. Azərbaycandakı dağların əksəriyyəti çılpaq dağlardı. O qədər də qar olmur. Biz də bir-iki dağ zirvələri var ki, qar yalnız orada olur. Azərbaycanda dağlıq ərazilər üçün leysan yağışların yağması xarakterikdir. Sürüşmələr də bu zaman yaranır. Siz Gürcüstan və Ermənistandakı geoloji vəziyyətlə tanış olsanız, Azərbaycana şükür edərsiz. O baxımdan bildirirəm ki, Azərbaycan xalqı heç bir panikaya düşməsin".

R.Qaçayoğlu