İradə İbrahimova biznes-ledi olacaq

10 Oktyabr 2013 10:20 (UTC+04:00)

Müğənni İradə İbrahimova Türkiyədə yeni fotosessiya etdirib. Bu, onun gələn ay açılacaq make-up akademiyası ilə bağlı layihəyə hazırlıqdır. Beləki müğənni, məhşur vizajist Nigar İbrahimova ilə çoxdan nəzərdə tutulan Kryolan Akademiyasının açılışına hazırlaşır. Noyabrın ilk həftəsinə nəzərdə tutulan mərasimdə İradə xanım akademiyanın siması və yaradıcılarından biri olaraq təqdim ediləcək.

Hazırda Türkiyədə olan sənətçimiz bildirib ki, Kryolanın hər bir çeşidinin reklamına onun siması əks olunacaq. Bu səbəbdən foto çəkilişlər tez-tez yenilənəcək. Açılışa bir sıra ünlülərin, TV və media işçilərinin qatılacağı nəzərdə tutulub. Xüsusi qonaqlardan biri, Kryolanın Almaniyada 65 illik sahibi Voltoran olacaq.

Nigar İbrahimova isə öz növbəsində bunları bildirdi: "Hazırda bir çox gənc xanımımız var ki, peşəkar vizajist olmağa can atır, amma xaricə gedib oxumağa imkanları yoxdur. Buna görə də qərara gəldik ki, dünyanın məşhur make-up akademiyasını bura gətirək. Həmçinin bölgələrdəki xanımlar üçün imkan yaradacağıq ki, təhsil alıb, yaşadıqları yerdə tələb olunan stilist kimi fəaliyyət göstərsinlər. Bu işin başında İradə İbrahimova dayanır. Onun Azərbaycanda ilk biznesidir. Bu da İradəni Bakıya gətirməyimizin ikinci səbəbi olacaq".

Yeri gəlmişkən, onu da qeyd edək ki, müğənni İradə İbrahimova ötən gün ailəsi ilə Azərbaycanın nümayəndəliyində olub və sənətçimiz Prezident Seçkilərində iştirak edib. O, yeganə namizədi olan İlham Əliyevi dəstəklədiyini bildirib.