Zahid Oruc İlham Əliyevi təbrik etdi

10 Oktyabr 2013 11:14 (UTC+04:00)

Möhtərəm Cənab Prezident!

Böyük səs çoxluğu ilə yenidən Prezident seçilməyiniz münasibəti ilə Sizi ürəkdən təbrik edir, dövlətimizin dinamik inkişafı və xalqımızın rifahının günü-gündən yüksəldilməsi istiqamətindəki fəaliyyətinizdə böyük uğurlar arzulayıram. 9 oktyabrda parlaq qələbə çalmağınız bir daha sübut etdi ki, xalqımız ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi möhtəşəm milli inkişaf yolunun davam etdirilməsini yekdilliklə alqışlayır və bunu vətənimiz Azərbaycanın hərtərəfli tərəqqisinin yeganə uğurlu yolu hesab edir. Əbədiyaşar liderimiz, müasir Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev yolunun layiqli davamçısı olaraq qələbəniz həm də göstərdi ki, müdrik, qədirbilən xalqımızın Sizin, ölkədə siyasi və sosial stabilliyin təmin olunmasına, daha böyük iqtisadi nəaliyyətlərə çatılmasına, demokratik institutların fasiləsiz inkişafına, cəmiyyət həyatında mənəvi-əxlaqi dəyərlərin qorunmasına, Azərbaycan Respublikasınıın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ən başlıcası, tezliklə dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına yönəlmiş siyasətinizə yüksək etibarı vardır.

Möhtərəm Cənab Prezident!

Uzaqgörən xalqımız bu seçkilərdə siyasi iradəsi ilə həm də bəyan etdi ki, ölkəmiz bir daha heç vaxt ötən əsrin 90-cı illərinə qayıtmayacaq. Cəmiyyət üzvlərinin böyük əksəriyyəti tərəfindən qəbul olunmayan, çağırışları və fəaliyyətləri ilə ölkədə qarşıdurma yaratmağa cəhd edən, xarici qüvvələrin maraqlarına uyğun olaraq dezinformasiya yaymaqla siyasi xal qazanmaq istəyən qüvvələrlə xalqımızın istək və maraqları arasında heç bir əlaqə yoxdur.

Möhtərəm Cənab Prezident!

Sizi və xalqımızı bir daha bu tarixi qələbə münasibəti ilə ürəkdən təbrik edir, Sizə növbəti beş ildə Qüdrətli Azərbaycan Dövləti uğrundakı yorulmaz fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.