Azərbaycanda “ Dərslik portalı” yaradıldı

10 Oktyabr 2013 13:04 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda "Dərslik portalı"nın yaradılması haqqında əmr imzalayıb. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, əmrdə dərsliklərin daim təkmilləşdirilməsinin vacibliyi nəzərə alınaraq,yeni dərsliklər çap olunanadək,Təhsil Nazirliyi ilə birgə elektron "Dərslik portalı"yaradılması qeyd olunub.

Əmrdə göstərilib ki, ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində formalaşmış yekun rəylər ölkədə tətbiq edilən dərslik siyasətinə görə yalnız 4 ildən bir yeni hazırlanacaq dərsliklərdə nəzərə alına bilər. TQDK tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər və müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar bu portalda yerləşdiriləcək.

Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlərin mütəmadi olaraq aydınlıq gətirməsi təşkil ediləcək.

Bundan başqa, tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər portalda hissə-hissə onlar keçildikcə yerləşdiriləcək, həmin materiallarla bağlı portala qeydlər, təkliflər daxil olarsa, onlar mütəmadi olaraq müzakirələrə çıxarılsın və bu barədə portalda məlumat veriləcək.

Əmrə əsasən, elektron portal istifadəçiləri anonim olmamalı, bunun üçün "Dərslik portalı"nın istifadəçiləri qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin seriyası və PİN kodunu müvafiq sahələrə daxil etməlidirlər. Bu məlumatların həqiqiliyinin yoxlanılması "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək.