Təhlükəsizlik Mərkəzi: gənc qadın və kişilər səs verməkdə fəallıq göstərirlər

10 Oktyabr 2013 13:52 (UTC+04:00)

Bu gün beynəlxalq QHT üzvlərinin təmsil olunduğu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrlə bağlı yekun mətbuat konfransı keçirib.


APA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin sədri, müşahidə missiyasının rəhbəri Claude Maniquet bildirib ki, seçkiləri 9 nəfərin təmsil olunduğu nümayəndə heyəti izləyib və yekun bəyanat hazırlayıb.

C.Maniquetin sözlərinə görə, bəyanatda seçkilərdə aparılan müşahidələr və əldə olunan nəticələr öz əksini tapıb: "Beynəlxalq QHT üzvləri tərəfindən gün ərzində Bakı, Sumqayıt və digər yaxın ərazilər daxil olmaqla 200 seçki məntəqəsində müşahidələr aparılıb, günün sonunda isə 11 məntəqə səs sayma prosesi izlənilib. Bundan əlavə, sağlamlıq imkanları məhdud əlil insanlar üçün səyyar qutuların, Bakıdakı cəzaçəkmə müəssisəsi, hərbi hissə, Sumqayıtdakı qaçqın və məcburi köçkünlər üçün xüsusi seçki məntəqələrinin yaradılmasının şahidi olduq. Həbsxanalarda seçkiləri təşkil etmək təhlükəsizlik nöqteyi-nəzərdən çətindir. Ona görə də bunun təşkil edilməsi təqdirə layiq hadisədir. Seçki məntəqələrində yerli müşahidələr - QHT-lər, partiya üzvləri aktiv iştirak edirdilər. Seçici fəallığı kişilər və qadınlar arasında çox yüksək idi. Bu gün Fransa və İsrail kimi ölkələrdə gənc qadın və kişilər seçkilərə gedib səs verməyə, siyasətdə iştirak etməyə fəallıq göstərmirlər. Amma Azərbaycanda bu vəziyyət fərqli idi. Seçkilərdən sonra səsləri sayılması prosesində də beynəlxalq müşahidəçilərin iştirakının və orada beynəlxalq qaydaların, standartların qorunduğunun şahidi olduq. Beynəlxalq müşahidəçilərə qarşı rəsmilərin, xüsusilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin açıq mövqe göstərməsi bizi çox qane etdi. Onların bu münasibəti xüsusilə Bakıda seçkilərin vəziyyətini müşahidə edən beynəlxalq müşahidəçilərin işlərini asanlaşdırdı".

Müşahidə missiyasının rəhbəri qeyd edib ki, ümumilikdə dünən seçki məntəqələrində apardıqları müşahidələr və əldə etdikləri nəticələrə əsasən Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun və tam şəffaf şəkildə həyata keçirildiyini demək mümkündür. Onun sözlərinə görə, Azərbaycan hələ də keçid dövrünü yaşamasına baxmayaraq, prezident seçkilər şəffaf və düzgün şəkildə həyata keçirilib. Seçkilərdə medianın rolunu da yüksək qiymətləndirən Claude Maniquet bildirib ki, media bu prosesdə lazımi formada iştirak edib.