Əkin torpaqları yenə sıradan çıxmaqdadır

10 Oktyabr 2013 18:25 (UTC+04:00)

Sabir Həsənov: "Bunun qarşısını almaq üçün ilk öncə torpağın yuyulması tədbirləri həyata keçirilir"


Torpaqların deqradasiyası, erroziyaya uğraması, şoranlaşması həllini gözləyən aktual problemlərdən biri olaraq qalır. Çünki, bu hal nəticə etibarı ilə məhsul istehsalının həcminə də mənfi təsir göstərən faktorlar sırasında yer alır.  Birmənalı həqiqətdir ki, şoranlaşma problemi həll olunmadığı müddətcə bu, əkilən bitkilərin məhsuldarlığının aşağı səviyyəyə düşməsinə də səbəb olur. Və təəssüf ki, bu problem hələ də davam etməkdədir.

Məsələ ilə bağlı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunun Meliorasiya laborotoriyasının rəhbəri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Mustafa Mustafayev Movqe.az-a  verdiyi açıqlamada torpaqda baş verən eroziya və şoranlaşmanın səbəbləri, eləcə də onun törətdiyi fəsadlar haqda maraqlı məlumatlar səsləndirib: "Şoranlaşmış torpaqlarda asan həll olunan duzlar var ki, bunlar tez həll olunduğuna görə torpaqların münbitliyi azalır və bunun da nəticəsində bitkilərin məhsuldarlığı aşağı düşür. Həmçinin, suvarma eroziyası və ya başqa adla meliorasiya eroziyası prosesi də yerin mailliyindən asılı olaraq torpağın üst qatında, mailliyi aşağı olan hissədə gedir. Ona görə də, münbitlik azaldığından məhsuldarlıq aşağı düşür. Bitkinin məhsuldarlığı az olur". 

Mustafa Mustafayev bu problemin qarşısını almaq üçün görülə biləcək tədbirlərdən də danışıb: "Torpaqda eroziyanın qarşısını alınmaq üçün, birincisi, həmin o əkin altında olan torpaqlarda hamarlama işləri (planirovka) aparılmalıdır. O aparılmalıdır ki, mikroçökəkliklər doldurulsun. Yəni, yerin səthi düz olsun. Suvarma zamanı səthdə bərabər nəmlənmə aparılsın. Beləliklə, suyun çökək hissələrə yığılmasının qarşısı alınır. Bütün qatlarda eyni nəmlənmə gedir. İkincisi, hər bitkiyə öz tələbatına uyğun su verilməlidir. Normaya uyğun su vermək lazımdır ki, həm bitkinin tələbatını ödəsin, həm də torpaqda su toplanıb qalmasın. Şoranlaşmaya qarşı isə melorasiya sistemləri qurulub ki, bu gün onların çoxu qənaətbəxş deyil. Onların təmizlənməsi, təmir-bərpa işləri, rekonstruksiya işləri müntəzəm olaraq hər il aparılmalıdır ki, torpaqda yığılan duzlar yuyulub kənar edilsin. Bundan başqa eyni bitki bir neçə il əkilməsin. Torpaqda yumşaltma (dərin şum) düzgün aparılmalıdır. Texniki qaydalara düzgün əməl olunmalıdır. Əgər xaricdən gübrə alınması çətinlik törədirsə, yerli gübrələrdən istifadə oluna bilər. Bunun üçün kifayət qədər gübrə ehtiyatı var bizdə. Yəni tullantılardan kifayət qədər gübrə kimi istifadə etmək olar. Bunlardan istifadə etmək lazımdır ki, torpaqda münbitlik artsın və  beləliklə bitklərin məhsuldarlığı da yüksəlsin".  


Genetik Ehtiyatlar İnstitutu Tərəvəz və bostan bitkiləri şöbə müdiri  Sabir Həsənov da mövzu ilə əlaqədar saytımıza açıqlama verib: "Torpaqda eroziyanın bir neçə səbəbi ola bilər. Birincisi, bu təbii amillərlə bağlıdır. Yağış, dolu, qar və ya tempraturun soyuq və isti olması, bundan başqa sel sularının nəticəsində torpaqların yuyulması nəticəsində dərələr və şırımlar əmələ gəlir. Suvarılmanın düzgün aparılmaması, torpağa düzgün qulluq olunmaması və s. bunlar hamısı eroziyaya səbəb olan amillərdir. Şoranlaşmaya səbəb isə əsasən yağış suları və suvarılmanın düzgün aparılmamasıdır. Bu iki amil şoranlaşmanın əsas səbəbidir. Bu da onunla bağlıdır ki, əkin altında torpaqda çoxlu şəkildə duzlar olur. Həmin duzlar həddindən çox yağış yağdıqda torpağın üst qatlarına qalxırlar. Buxarlanma baş verəndə isə duz qalır, su buxarlanıb gedir. Və bu zaman şoranlaşma baş verir. Əsasən qurunt suları şoranlaşmaya təsir göstərir. Şoranlaşma nəticəsində bitkilərin məhsuldarlığı aşağı düşür.  Həmin torpaqlarda ancaq duza davamlı bitkilər yetişdirmək mümkündür. Belə bitkilər isə əsasən yabanı bitkilər olur. Bitkinin yetişməsi üçün münbit şərait olmadığından məhsul zəif olur".

Sabir Vəliyev məsələnin həlli yollarından danışarkən isə aşağıdakıları deyib: "Bunun qarşısını almaq üçün ilk öncə torpağın yuyulması tədbirləri həyata keçirilir. Kanallar açılır və torpaqlar yuyulur. Sovet hakimiyyəti illərində bu işlər görülürdü. Hazırda bu sahədə bir qədər durğunluq müşahidə olunur. Bundan başqa, vaxtında torpağa düzgün qulluq etmək lazımdır. Suyu həddindən artıq verəndə də su yığılır və qurunt sularına çevrilir. Bu sular da torpaqdakı duzun yuxarı qatlara qalxmasına, nəticədə münbitliyin azalmasına gətirib çıxarır".