Gecə həyatı gəncləri məhvə aparır

10 Oktyabr 2013 19:05 (UTC+04:00)

Gecə həyatı gənclərin sağlamlığına ciddi təhlükə yarada bilər. Movqe.az yuxusuz qalıb gecəni kompyuter arxasında, hansısa əyləncə mərkəzində keçirən və yaxud da işlərə məşğul olan gənclərin sağlamlığında hansı problemlər yaranacağını araşdırıb. Qeyd edək ki, həkimlərin tövsiyyə etdiyi 8 saatın iki saatını belə yatmayan gənclərlə bağlı araşdırmalar ciddi narahatçılığa əsas verir. Həkim terapevt Elbrus Məmmədov da Movqe.az-a gecə həyatına meyilli olan gənclərin sağlamlıqları üçün ciddi təhlükə yaratdıqlarını söyləyir. Həkim-terapevt deyir ki, gecəni yuxusuz qalmaq daha çox yaddaşa təsir göstərir: " İnsan beynində toplama məntəqəsi deyilən bir şöbə vardır. O, görünən və eşidilən informasiyam toplayır. Beyin kifayət qədər yuxu almadıqda, bu şöbəyə daxil olmaq mümkünsüz şəkil alır. Bu şöbədə toplanan informasiyaya bir neçə gün müraciət etmədikdə, o, tamamilə silinir. Daimi yuxusuzluq zamanı yuxu dərmanlarından istifadəyə tələbat artır. Lakin bu cür vasitələrin mütəmadi tətbiqi depressiya, artrit, nevroloji pozuntular kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Yuxu məhz bu cür xəstəliklər nəticəsində pozulduqda isə, onu yaradan xəstəliklərin təcili müalicəsinə başlamaq  lazımdır".

Terapevtin sözlərinə görə, gecəni yatmayıb gözlərinin acısını gündüz alanlar yuxu normasını doldurduqlarını düşünsələr də, yanılırlar: "Gecə saatlarında insan bədənində qan yaranır. Bu proses insan yuxuda olarkən baş verir. Əgər insan mütəmadi olaraq gecələri yatmırsa bu həmin insanda anemiya xəstəliyinin yaranması ilə nəticələnir". 

Elbrus Məmmədovun sözlərinə görə, yuxusuzluq insanın nəinki fiziki, həmçinin ruhi sağlamlığına məhvedici təsir göstərir: "Yuxu orqanizmin ahəngdar fəaliyyəti üçün zəruridir. Beyin hüceyrələrinə də istirahət lazımdır. Onların da bütün digər orqanlar qədər istirahətə ehtiyacı var. Əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar gec-tez əvvəlki kimi fəaliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaqdır. Bundan başqa, yuxusuzluq immuniteti zəiflədir. Yuxusuzluq qandakı şəkərin miqdarını sürətlə artırır və şəkərli diabet xəstəliyini yaradır. Bununla yanaşı yuxusuzluq cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır. Yuxusuzluğun yaratdığı digər bir fəsad isə xərçəng xəstəliyidir. Əgər gecələr normal yuxu bərpa edilməzsə, bu ciddi təhlükəli xəstəliklər yarada bilər. Ürək damar xəstəliklərindən psixoloji problemlərə qədər bir çox xəstəlik yuxusuzluqla birlikdə şiddətlənir. Yuxusuzluq, eyni zamanda yorğunluq, halsızlıq, istəksizlik, əsəbiliyə səbəb ola bilir. Toksinlər yuxu ilə təmizlənə bildiyi üçün lazım olan qədər yuxunu almadıqda bu maddələr orqanizmin zəhərlənməsinə səbəb olur".

Terapevt odur ki, gənclərin gecə həyatından çəkinməli olduğunu, gənckən orqanizmlərinin xəstəliklərlə üz-üzə qoymalarının yaşama müddətini qısaltmaları ilə nəticələnəcəyini bildirir".