Prezident İlham Əliyevin qələbəsi dünya mediasında da geniş işıqlandırıldı

11 Oktyabr 2013 08:13 (UTC+04:00)

Son prezident seçkilərini beynəlxalq müşahidəçilərlə yanaşı, dünya mediası da yaxından izlədi, bu istiqəmətdə müxtəlif məlumatlar yaydı. Aydındır ki, hələ qarşıdakı bir neçə gün ərzində dünya mediası bu məsələni gündəmdə saxlamaqda davam edəcək. Seçki ilə bağlı Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti növbəti yazı dərc edib.

Yazıda qeyd edilir ki, neftlə zəngin, 9.5 milyon əhalisi olan Azərbaycanda xalq, prezident seçkiləri üçün qutulara yaxınlaşıb. Qeyd edilir ki, səsverməyə xanımı Mehriban Əliyeva və qızları birlikdə gedən İlham Əliyev 9 namizəd arasında ən şanslı namizəd olub. "Hürriyət" qəzeti "Əliyevdən böyük zəfər" başlıqlı xəbərində yazır ki, Azərbaycan Prezidentinin bu seçkilərdə ciddi rəqibi yox idi. Xəbərdə Milli Şura adlanan qurumun namizədi isə dırnaq arasında "ciddi" kimi səciyyələndirilir. "Yeni Şafak" qəzeti "Azərbaycan Əliyevə davam dedi" başlıqlı məqaləsində Prezident İlham Əliyevin seçkilərdə bir daha inamlı qələbə qazanmasını onun uğurlu iqtisadi və sosial siyasəti ilə əlaqələndirir. Müəllif qeyd edir ki, Azərbaycan xalqı sabit gələcəyə və rifaha səs verib. "Radikal" qəzeti isə qeyd edir ki, müxalifət partiyalarının namizədi tarix professoru Cəmil Həsənlinin performansı seçkinin taleyinə təsir etməyib. Qeyd edilir ki, səsvermədən qabaq keçirilmiş rəy sorğuları 10 namizədli yarışda Əliyevin 90% səslə qazanacağına işarə edirdi. Müxalifətin ilk namizədi Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı olduğu üçün yarışdan məhrum edilmişdi.Bildirilir ki, 51 yaşlı İlham Əliyevə dəstək verənlərin ən ciddi səbəbi sabitlik və güclü liderlikdir.

CNN telekanalı öz saytında Azərbaycanda prezident seçkiləri barəsində material dərc edib. CNN bildirir ki, heç kimdə şübhə yox idi ki, məhz hazırkı prezident İlham Əliyev qalib gələcək. Səs verdikdən sonra seçki məntəqəsini tərk edən seçicilər arasında aparılmış sorğuya görə, İlham Əliyev artıq səslərin 84 faizini yığıb. Prezidentin əsas opponenti - tarixçi Cəmil Həsənli isə bundan çox az səs toplayıb. Müəllif yazır ki, belə nəticə təəccüb doğurmamalıdır, çünki yetmiş illik sovet hakimiyyətinin xarabalıqlarından müasir, dünyəvi və demokratik dövlət qurmaq elə də asan deyil. Hazırkı Prezidentin populyarlığı da məhz buna əsaslanır.

Azərbaycana səfər etmiş adamlar bilirlər ki, Azərbaycan tolerant, yarıetnik və çoxkonfessiyalı dövlətdir. Böyük iqtisadi potensiala malik olan bu ölkə Avropa və Asiya arasında birləşdirici halqadır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik üzrə Hesabatına əsasən hazırda Azərbaycan iqtisadi inkişafın artımına görə 148 ölkə arasında 39-cu yeri tutur. Yoxsulluğun səviyyəsi 2001-ci ildəki 50 faizdən 2013-cü ildə 6 faizə enib. Fransanın nüfuzlu mətbu orqanı olan " Le Fiqaro " qəzetində isə qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına istinad edən qəzet seçicilərin 84,7 faizinin İlham Əliyevə səs verdiyini diqqətə çatdırır. Müxalifətin əsas namizədi Cəmil Həsənlinin isə səslərin 5 faizini topladığı bildirilir.

Prezident seçkilərinə xüsusi xəbər başlıqları ilə yer ayıran "Euronews" telekanalı səsvermənin ilkin nəticələrinə görə böyük səs çoxluğu ilə qalib gələn İlham Əliyevin uğurlarına diqqət ayırıb. Ücüncü dəfə xalqın inamını qazanan İlham Əliyevin rəhbərlik etdiyi dönəmdə Azərbaycanın bütün sektorlarında sürətli inkişafın olduğu xüsusi vurğulanıb. Prezidentin xalqa müraciətinə istinadən qeyd olunur ki, Azərbaycan demokratik dövlət kimi inkişaf etməyə davam edəcək. Süjetdə o da qeyd olunur ki, əhali 9 oktyabr prezident seçkilərində hazırki dövlət başçısının iqtisadi inkişaf və sabitlik kursunu dəstəkləyib. Kanal son illərin statistik məlumatlarını da xatırladıb. Bildirilir ki, cari ilin birinci yarısında ümumdaxili məhsulun həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,8% artıb. "İlham Əliyevin seçki zəfəri" başlıqlı xəbərdə BBC əsasən seçkilərdə müsahibələrə yer ayırıb. Xəbərin sonunda ilkin nəticələri qeyd edən kanal Azərbaycan xalqının seçiminin sabitlik və inkişaf olduğunu bildirir. Almaniyanın məhşur DVTV telekanalı isə İlham Əliyevi seçkilərin vahid lideri olduğunu qeyd edib. Mərkəzi seçki Komissiyasının ilkin nəticələrini qeyd edən telekanal qələbəyə gedən yolu Azərbaycandakı inkişafla əlaqələndirib.

"Reuters", "Associated Press", "Frans Press" və "Sinxua" agentlikləri seçkinin qalibinin İlham Əliyev olduğunu yazır. Agentliklər əməkdaşlarının görüntü aldığı seçki məntəqələrində qanun pozuntusuna yol verilmədiyini, məntəqələrin isə bütün texniki təchizatla təmin edildiyini bildirib. Rusiyanın "Ria Novosti" xəbər saytının əsas səhifəsində prezident İlham Əliyevin böyük səs faizi ilə qələbə qazanmasından bəhs edən məqalə dərc olunub. Xəbər saytı qələbəni İlham Əliyevin Azərbaycanı bölgənin aparıcı dövlətə çevirməsi ilə əlaqələndirib. Saytda səsvermə günü ölkədə təhlükəsizliyin yüksək səviyyədə təmin olunması və məntəqələrdə qanun pozuntusuna rast gəlinmədiyi vurğulanır.

Qonşu Rusiyanın digər mətbuatı da xalqımızın gələcək 5 illik taleyinə biganə qalmayıb. Rusiyanın birinci telekanalı və " Rossiya 24" kanalı Azərbaycanda keçirilən seçkilərə efirlərində geniş yer ayırıblar. "Rossiya 24" kanalı bildirir ki, möhtəşəm göydələnlər və paytaxtın gözoxşayan yerləri Azərbaycanın vizit kartıdır. Digər qonşumuz Türkiyənin telekanalları da efirə gedən hər bir xəbər buraxılışında Azərbaycandakı prezident seçkilərini operativ şəkildə işıqlandırıblar. "TRT" haberin yaydığı məlumatda azərbaycanlıların ölkəmizin Türkiyədəki səfirliyidə rahat şəkilə səs verdikləri qeyd olunur. "NTV" telekanalı da İlham Əliyevin qələbəsinə diqqət çəkib. Böyük səs fərqi ilə ölkə başçısının digər namizədləri geridə qoyduğu süjetdə əksini tapıb.