Ketrin Eşton və Ştefan Füle Azərbaycanda prezident seçkiləri ilə əlaqədar bəyanatla çıxış ediblər

11 Oktyabr 2013 11:18 (UTC+04:00)

"Seçkilərdə yüksək seçici aktivliyi Azərbaycan xalqının demokratik proseslərə sadiq olduğunu nümayiş etdirdi".

Bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatında bildirilir.

 

Bəyanatda qeyd olunur ki, ali nümayəndə və komissar ATƏT/DTİHB-in beynəxalq müşahidə missiyasının ilkin rəyi ilə tanış olublar.

 

"Azərbaycanı beynəlxalq öhdəliklərə tam cavab vermək üçün ATƏT/DTİHB-nın ilkin rəyində əksini tapmış, seçkilərdə alınmış problemləri həll etməyə çağırırıq", - deyə bəyanatda bildirilir.

 

K. Eşton və Ş. Füle AŞPA və Avropa Parlamentinin müşahidə missiyalarının seçki ilə bağlı bəyanatlarını nəzərə alaraq, yerli və beynəlxalq müşahidəçilərin daha geniş miqyasda təmsil olunmalarına dair Azərbaycan hakimiyyətinin iradəsini alqışlayıblar.

 

Onlar Azərbaycan hakimiyyətini demokratiya yolunda irəliləmək və ölkədə qanununun aliliyini təmin etmək istiqamətində beynəlxalq ictimaiyyətin rəylərini nəzərə almağa çağırıblar.

 

AB rəsmiləri "Şərq tərəfdaşlığı" proqramı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını da vurğulayıblar.