Zaur Baxşəliyev əsəbləşdi: "O, körpəni mənim övladım kimi təqdim etməsinlər"

11 Oktyabr 2013 14:48 (UTC+04:00)
Aparıcı Zaur Baxşəliyev internet xəbər saytlarında yeni doğulan körpəsinin şəklinin yayılmasına münasibət bildirib. Movqe.az xəbər verir ki, aparıcı həmin körpənin ona heç bir aidiyyatı olmadığını deyib:


"Son günlər bütün internet xəbər saytlarında övladım kimi təqdim olunan balaca qızcığazın mənə heç bir aidiyyatı yoxdur. O, mənim övladım deyil. Hər kimin balasıdırsa, Allah saxlasın. Mən övladımın fotoşəklini və videogörüntüsünü heç bir yerdə yayımlamamışam və belə bir fikrim də yoxdur. Nə mən, nə də Günay xanım heç bir sosial şəbəkədə yoxuq. Bu şəkli yayımlayan insanlardan xahiş edirəm ki, o körpəni mənim övladım kimi təqdim etməsinlər. Bu, həmin uşağın valideynlərinə təhqirdir. İstər ATV kanalında yayımlanan "Onlar" verilişi, istərsə də digər saytlar bu məsələni ən azından mənim özümdən dəqiqləşdirə bilərdilər. Çünki mənim bütün mətbuat orqanlarına hörmətim var. Və bu hörmətin qarşılıqlı olmasını arzulayıram. Mən öz övladım və ailəmlə heç vaxt gündəmdə olmamışam və belə bir fikrim də yoxdur. Başqasının körpəsini mənim övladım kimi təqdim etmək çox gülüncdür. Bir daha söyləyirəm ki, şəkli yayılan bu uşaq mənim deyil. Allah valideynlərinə çox görməsin. Amin!".