Doğum evinə buraxılmadı, həyətdə doğdu-FOTO
11 Oktyabr 2013 15:01 (UTC+04:00)
Meksikada yeni qalmaqal yaşanır. 29 yaşlı hamilə
İrma Lopes və onun əri Oahaka ştatındakı San Felipe Halapa de Dias
qəsəbəsinin klinikasına gəlmişdilər.
İrmanın doğuş sancıları başlanmışdı və bu səbəbdən
də əri onu klinikaya gətirmişdi.
Lakin klinikanın həkimləri yerli masatek xalqından
olan İrmaya "Yer yoxdur, olmaz" deyiblər.
Zavallı İrma da klinikanın həyətində doğmalı
olub.
Milli.Az bildirir ki, İrma Lopesin klinikanın
həyətində oğlunu doğduğu anların əks olunduğu fotoları ən nüfuzlu
jurnallardan biri La Razon dərc edəndən sonra böyük qalmaqal
qopub.
Klinikanın direktoru Adriana Krus vəzifəsindən
kənarlaşdırılıb.
Meksikanın Federal Səhiyyə Nazirliyinin qərarı ilə
o, araşdırma başa çatana qədər vəzifə səlahiyyətlərini icra
etməyəcək.
San Felipe Halapa de Diasın meri bildirib ki, bu
yeganə hal deyil.
Belə ki, iyul ayında da elə həmin klinikaya hamilə
qadın qəbul edilməmişdi və biçarə qadın klinikanın həyətində
doğmuşdu.
3 övlad anası, 29 yaşlı İrma Lopesin dediyinə
görə, hamiləliyin 8-ci ayında kəskin doğuş ağrıları
tutmuşdu.
Masatek olan Lopes ispan dilini bilmir: "Buna görə
də tibb bacıları ilə həkimlərin mənə nə dediklərini anlamadım. Amma
başa düşdüm ki, içəri buraxmaq istəmirlər. Məcbur qalıb ərimlə çölə
çıxdıq. Ağrılar şiddətlənmişdi. Elə klinikanın həyətində doğdum.
Səhər saat 7.30 olardı. Diz çöküb qışqırırdım, çünki doğmağa
başladığımı anlamışdım. Bu, çox pisdi".
İrmanın ərinin dediyinə görə, tibb bacılarına
yalvararaq yardım istəsə də, kimsə onu eşitmək
istəməyib.
Bir saat sonra klinikanın həyətindəki adamlar
hiddətləniblər və qadın içəri buraxılmasa, qapıları
sındıracaqlarını deyiblər.
Klinika rəhbərliyi yalnız bundan sonra İrma Lopesi
içəri buraxıb və ona palatalardan birində yer
ayırıb.
İrma və onun dünyaya gətirdiyi Salvador palataya
yerləşdiriləndən sonra həkimlər üzrxahlıq ediblər.
Ekspertlərin dediklərinə görə, yaşanan olay
Meksikadakı yerli xalqların mənsublarının ayrı-seçkiliklərə məruz
qalmaları, onların hüquqlarının kobud şəkildə pozulmaları ilə
yanaşı, hamilə qadınların doğuşqabağı qulluqla yetərli səviyyədə
təmin olunmamalarına dəlalət edir.
İrma Lopesin yaşadığı Oahaka ştatında hər 5
qadından biri klinikalar və doğum evlərindən kənarda
doğurlar.
"Oğlumun adını Salvador qoydum, çünki ispan
dilində bu sözün mənası "xilas olmuş" deməkdir. Oğlum gerçəkdən də
xilas oldu", - İrma Lopes deyib.