Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənovun Trend-ə müsahibəsi
-Əli müəllim, ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosunun seçki müşahidə missiyasının bəyanatından dərhal
sonra ABŞ Dövlət Departamenti onun rəyinə əsaslanaraq bildirmişdir
ki, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri
beynəlxalq standartlara cavab verməmişdir. Bunu necə izah
edərdiniz?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki
müşahidə missiyasının ilkin hesabatı açıqlandıqdan sonra ATƏT-in
qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen xüsusi
bəyanat yayaraq Avropa Şurası Parlament Assambleyası və Avropa
Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr
seçkilərinin azad, şəffaf və ədalətli keçirildiyini bildirmişdir.
Bunun ardınca ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara
seçkilərin demokratiyaya doğru əhəmiyyətli addım olduğunu qeyd
etmişdir. ATƏT Parlament Assambleyasının müşahidə missiyasının
rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki
prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini
demişdir. Həm çoxsaylı müşahidə missiyalarının, həm ATƏT
rəsmilərinin, həm də ATƏT-in iki müşahidə missiyası rəhbərinin
seçkilərlə bağlı yüksək rəyləri ATƏT DTİHB-nin hesabatını ciddi
şübhə altına alan faktorlardır. Bu da bir daha təsdiq edir ki,
həmin sənəd ATƏT-in çoxsaylı müşahidəçilərinin rəylərinə, hər hansı
ciddi bir fakta deyil, müxalifətin yaydığı yalan məlumatlara, ABŞ
səfirliyinin rəhbərliyi altında müşahidə aparan bir qrup şəxsin
hazırladığı saxta hesabatlara söykənmiş və açıq-aşkar sezilən kənar
iradənin təsirinə məruz qalaraq seçki reallığını tam təhrif
etmişdir.
Təbii ki, belə mübahisəli və obyektivliyi şübhə doğuran hesabata
əsaslanaraq qərəzli bəyanatlar vermək heç kimə, o cümlədən ATƏT-i
təmsil edən rəsmi şəxsə və ABŞ Dövlət Departamentinə başucalığı
gətirmir. Ermənistanda prezident seçkilərinin tam
saxtalaşdırılmasına göz yumaraq müsbət qiymət verən ABŞ hökumətinin
Azərbaycanda dinc və şəffaf şəraitdə keçən demokratik seçkilərə
qeyri-obyektiv münasibəti ikili standartların bariz nümunəsindən
başqa bir şey deyildir.
Digər tərəfdən, 9 oktyabr prezident seçkilərini müşahidə edən ABŞ
Müstəqil Siyasi Monitorinq Mərkəzinin çoxsaylı ekspertləri, bu
ölkənin siyasətçiləri, QHT nümayəndələri və s. birmənalı şəkildə
qeyd etmişlər ki, seçkilər şəffaf, demokratik və beynəlxalq
standartlara uyğun keçirilmişdir. ABŞ-ın nüfuzlu konqresmenləri və
senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli
şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi demokratik seçkilərdə
inamlı qələbəsi münasibətilə təbrik etmişlər.
ABŞ-ın tanınmış "Arthur J.Finkelstein and Associates" şirkəti exit-poll keçirərək cənab İlham Əliyevin seçicilərin 83.7 faizinin qazandığını təsdiqləmişdir. Dövlət Departamentinin açıqlamasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi adlı yerli təşkilatın donoslarına əsasən seçkilər zamanı qanun pozuntularına yol verildiyi iddia olunur. Amma bu təşkilatın və onun tərəfdaşlarının Azərbaycanın bölgələrini əhatə edən 66 dairədə apardıqları monitorinqə əsasən, seçkilərdə qanun pozuntularına yol verilməmiş, seçici aktivliyi 70-72 faiz təşkil etmiş və seçicilərin 80 faizindən çoxu cənab İlham Əliyevə səs vermişdir.
Hesab edirəm ki, Azərbaycanın seçki reallığı ilə bağlı ABŞ-ın rəyi deyəndə seçkilər haqqında heç bir məlumatı olmayan şəxslərin əsassız donosları əsasında, kabinetdə diqtə altında hazırladıqları qərəzli bəyanat deyil, bu ölkənin seçkiləri müşahidə edən və onu adekvat qiymətləndirən nüfuzlu nümayəndələrinin fikirləri, exit-poll keçirən şirkətinin nəticələri əsas götürülməlidir. Buna görə də ATƏT DTİHB-nin qərəzli hesabatına əsaslanan ABŞ Dövlət Departamentinin subyektiv rəyi Azərbaycan seçicisi ilə yanaşı, bu ölkənin seçkiləri müşahidə edən nümayəndələrinin, konqresmenlərin, senatorların, exit-poll keçirən şirkətinin mövqeyinə hörmətsizlikdir. ABŞ hökuməti qeyri-obyektiv yanaşma ilə özünü Azərbaycanın ictimai rəyi və mövcud seçkiləri müşahidə etmiş dünya ictimaiyyəti ilə üz-üzə qoydu.