Məktəb avtobuslarının azlığının maraqlı səbəbləri üzə çıxır

11 Oktyabr 2013 15:54 (UTC+04:00)

Emin Məhərrəmov: "Bu xidmətdən istifadə etmək üçün məktəblərdə kifayət qədər maliyyə vəsaiti yoxdur"

 Asif Cahangirov: "Buna şəhər yerlərində yox, əsasən kənd yerlərində ehtiyac var"

 Bakıda əhalinin ən çox əziyyət çəkdiyi problemlərdən biri olan tıxacların yaranmasının səbəblərindən dəfələrlə danışılıb. Araşdırmalar göstərir ki, problemi yaradan səbəblərdən biri də uşaqlarını məktəbə aparan valideynlərin avtomobillərinin məktəblərin qarşısına yığılmasıdır piksaatlarda yollarda olmasıdır. Buna son qoymaq üçün isə məktəb avtobuslarından kütləvi şəkildə istifadə olunması vacib sayılır. Bir çox ölkələrdə, o cümlədən paytaxtımızda da bəzi məktəblərdə şagirdlərin daşınması üçün xüsusi avtobuslardan istifadə olunur. Bu xidmətdən istifadə bir tərəfdən tıxac probleminin həlli yollarından biridirsə, digər tərəfdən də uşaqların təhlükəsizliyini təmin etmək, onların vaxtında dərsə çatması üçün bir vasitə sayılır. Amma ölkəmizdə bu xidmətdən istifadə geniş şəkildə yayılmayıb.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov Movqe.az-a mövzu ilə əlaqədar açıqlamasında bildirir: "Bizdə də elə orta məktəblər var ki, orada şagirdlərin daşınması üçün  xüsusi avtobuslardan istifadə olunur. Bakıda elə park yerləri də var ki, həmin avtobuslar orada dayanır. Amma ki, bu xidmət özəl şirkətlər tərəfindən məktəblərə təklif olunur. Təbii, bəzi özəl məktəblərin maliyyə vəsaitləri imkan verir ki, həmin avtobuslardan istifadə etsinlər. Məlumdur ki, bu xidmət ödənişli şəkildə həyata keçirilir. Bu xidmətdən istifadə etmək üçün valideynlər müəyyən məbləğdə əlavə vəsait ödəyirlər. Amma bu texnologiya Azərbaycanda hələ geniş şəkildə yayılmayıb. Bizdə yalnız bir neçə məktəb bu xidmətdən istifadə edə bilir. Amma təbii ki, bu şəbəkə geniş şəkildə qurulsa, bir tərəfdən məktəblərin ətrafındakı tıxacların sayı azalmış olar, bir tərəfdəndən də uşaqların təhlükəsiz şəkildə məktəblərə çatırılması məsələsi öz həllini tapmış olar. Lakin bilirsiniz ki, Təhsil Nazirliyinin müvafiq sərəncamına görə artıq uşaqlar yaxın olduqları ərazilərdəki məktəblərdə təhsil alırlar. Bu məsələyə artıq xüsusi diqqət yetirilir. Nəzərəzə alsaq ki Bakıda orta məktəblər planlaşdırmaya görə elə mövqelərdə yeləşir ki, yaxınlıqda yaşayan insanlar piyada belə uşaqlarını həmin məktəbə gətirə bilərlər. Belə olan halda daşınma üçün həmin o avtobuslardan istifadəyə də ehtiyac qalmır.

Bununla belə, təhsil müəssisələri yaşayış yerlərinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, özəl şirkətlər tərəfindən təklif olunan bu xidmətən istifadə etmək istəyirlərsə, onda istər həmin avtobuslarla bağlı yolların marşrutları, istərsə  uşaqların təhlükəsizliyi ilə bağlı, istərsə də sürücülərin peşəkarlığı və uşaqların həmin avtobusda daşınmasına nəzarət edən müvafiq bölmələrin peşə səviyyəsi və bacarıqları buna tam cavab verməlidir. Çünki əgər insanlar uşaqlarını o avtobuslara etibar edəcəksə, avtobuslarda kifayət qədər hazırlıqlı insanlar olmalıdır ki, vaxtında uşaqları lazım olan ünvana çatdırsınlar. Bir tərəfdən də Nəqliyyat Nazirliyinin yol hərəkəti ilə bağlı həmin avtobusların, marşrutların hərəkəti ilə əlaqədar müvafiq işləmələri olmalıdır. Çünki, əgər avtobuslar müvafiq yollarla uşaqların daşınmasının həyata keçirərsə, onlar üçün xüsusi marşrutlar çəkilməlidir ki, avtobuslar tıxaclarda çətinliklərlə üzləşməsinlər və vaxtında uşaqları məktəbə çatdıra bilsinlər".

Məsələ ilə əlaqədar təhsil üzrə ekspertlər də Movqe.az-a öz fikirlərini bildiriblər. Təhsil məsələləri üzrə ekspert Emin Məhərrəmov bu xidmətdən istifadə etmək üçün məktəblərdə kifayət qədər maliyyə vəsaitinin olmadığını bildirib: " Bu xidmətdən bizdə istifadə olunmamasına səbəb odur ki, birincisi, məktəblərdə bunun üçün maliyyələşdirmə yoxdur.  İkincisi isə, həmin avtobusları kimin, necə istifadə edəcəyi haqda heç kim təminat verə bilməz. Amma dediyim kimi, burada əsas maneə maliyyələşdirmə məsələsidir. Köhnə, qırıq-sökük avtobuslarla bu xidməti həyata keçirmək olmaz".  

Təhsil üzrə digər ekspert Asif Cahangirov isə saytımıza açıqlamasında Bakıda bütün ərazilərə yaxın yerlərdə məktəblər mövcud olduğundan, bu cür daşınma xidmətlərinə ehtiyac olmadığını deyib: "Təhsil haqqında qanunda yazılır ki,  məktəbə 5 km-dən uzaq məsafədə yaşayanlar üçün bu daşınma təşkil oluna bilər. Amma buna şəhər yerlərində yox, əsasən kənd yerlərində ehtiyac var. Şəhərdə məktəblərin şəbəkəsi o qədər geniş yaylıbdır ki, uşaq öz evinə yaxın məktəbdə təhsil ala bilər. Əgər uşaq öz qaldığı ərazidən uzaqda yerləşən bir məktəbdə oxuyursa, onun daşınması artıq valideynin məsuliyyətidir".