Ev növbəsinin bərpası təklif olundu

11 Oktyabr 2013 16:11 (UTC+04:00)

Ramil Osmanlı: "Dövlət hesabına evlərin tikilib, növbəli şəkildə insanlara verilməsi əlbəttə ki, mümkündür"


Bu gün cəmiyyətdə kifayət qədər diqqət yetrilən məqamlardan biri də evlə təminat məsələsidir. Xüsusən də gənc nəsil və yeni ailə quranlar üçün bu məsələ olduqca aktualdır. Məlumdur ki, ipoteka kreditləşməsinin həcmi kifayət qədər olmadığından heç də hamı bundan istifadə edərək mənzil sahibi ola bilmir. Digər tərəfdən belə hesab edilir ki,  dövlət də məsələyə müdaxilə etməli, müxtəlif varinatlarla daha çox insanın evlə təminatına nail olmalıdır. Belə varinatlardan biri qismində ev növbələrinin yenidən bərpa olunmasıdır. Xatırladaq ki, SSRİ dağıldıqdan sonra insanların növbəyə dayanaraq mənzil sahibi olması prosesi dayandırıldı. Artıq dövlət, o cümlədən də ayrı-ayrı müəssisələr insanları mənzillə təmin etmək öhdəliyi daşımırlar. Lakin bir məsələ var ki, qanunvericiliyə əsasən, özəl tikinti şirkətləri tikdikləri mənzillərin 10%-ni dövlətə verməlidirlər. Məhz belə evlərin növbəlilik prinsipinin bərpası ilə ehtiyacı olan vətəndaşlara verilməsi zəruri sayılır.  

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bununla bağlı Mövqe.az-a verdiyi açıqlamada qeyd edir: "Əlbəttə, bu hal  mümkündür. Bu gün də növbəlilik qalır. Ancaq sovet dövründən fərqli olaraq, bu gün növbəlilik sadəcə icra hakimiyyətlərində qalır, əvvəllər isə növbəlilik bütün müəssisə və təşkilatlarda var idi.  İcra hakimiyyətlərində sosial güzəştli kateqoriyaya daxil olan şəxslər növbəli şəkildə ev ala bilirlər. Ancaq prinsipcə, bu gün qanunvericilik qadağa etmir ki, hansısa şirkət ev tikib öz işçilərinə versin. Bu mümkündür. Məsələn, Dövlət Neft Şirkəti bu ənənəni özündə saxlasa da, digər şirkətlər bunu reallaşdırmır. Ancaq dövlət hesabına belə evlərin tikilib insanlara güzəştli qiymətlərlə və ya social kirayə hesabına verilməsi də mümkündür".

"Əmlak Bazarı İştirakçıları"İctimai Birliyinin icraçı direktoru  Ramil Osmanlı isə saytımıza açıqlamasında məsələyə belə münasibət sərgiləyir: "Dövlət hesabına evlərin tikilib, növbəli şəkildə insanlara verilməsi əlbəttə ki, mümkündür. Büdccə təşkilatlarında işləyən, uzun müddətli şirkətlərdə, təşkilatlarda, müəssislərdə növbəli şəkildə insanların ev alması mümkün olur. Ancaq dünyada bu işin həlli üçün daha mütərəqqi üsullar, yeni qaydalar  var. Bu yeni qaydalar tam sosial xarakter daşımasada buna yaxındır. Az faizli uzun müddətli kredit vasitəsilə, Dövlət Mənzil Fondunun hesabına da ehtiyacı olan kasıb təbəqəni evlə təmin etmək olar. Dövlətin hesabına evlər tikilib az güzəştlə, sosial kirayə kimi verilə də bilər. Bunlar daha real və əlverişli üsullardır".