Novruz Məmmədov: "ABŞ Dövlət Departamentinin mövqeyi ədalətli deyil"
11 Oktyabr 2013 18:05 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov DTİHB və ABŞ-ın Azərbaycanda keçirilmiş
prezident seçkilərinə münasibəti ilə bağlı açıqlama
verib.
ANS PRESS açıqlamanı təqdim edir:
"ABŞ Dövlət Departamentinin 9 oktyabr 2013-cü il
tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair
mövqeyi ədalətli deyil və reallığı əks etdirmir.
Bu mövqe onu göstərir ki, ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosu ABŞ-la birlikdə demokratiya və
insan hüquqları məsələlərini öz monopoliyası hesab edərək, özünün
istədiyi formada istifadə edir.
Lakin artıq aydındır ki, demokratiya və insan
hüquqları məsələlərinin bu formada təzyiq alətinə çevrilməsi uğurlu
nəticə vermir. Beynəlxalq aləmdə buna dair onlarla nümunə göstərmək
olar.
Azərbaycanda keçirilmiş prezident seçkiləri digər
ölkələrdə keçirilmiş seçkilərin heç birindən geri qalmır, hətta bir
çox parametrlərinə görə irəlidədir. Bir sıra digər ölkələrdə ciddi
qanun pozuntularının müşahidə olunduğu seçkilərə elə ABŞ və ATƏT
DTİHB-nin verdiyi subyektiv qiymətləndirmə fonunda, onların bu
qərəzli mövqeyi təəccüb və heyrət doğurur. Demokratiyanı mühüm
dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək,
nümunə göstərməlidirlər. Maraqlıdır ki, 98 ölkə və 48 beynəlxalq
təşkilatdan seçkiləri müşahidə edən 1500-ə yaxın müşahidəçi, o
cümlədən AŞPA, Avropa Parlamenti, QDİƏT PA, TürkPA-nın müşahidə
missiyaları və xarici ölkələrin müstəqil müşahidəçilərinin
əksəriyyəti seçkilər haqda müsbət rəy bildiriblər. Lakin nədənsə bu
rəylər Dövlət Departamentinin məsələyə münasibətində əks olunmayıb.
ABŞ-da sadə insanların seçdiyi konqresmen, senator və digər seçkili
orqanların təmsilçilərinin bu seçkiləri ədalətli və şəffaf
qiymətləndirməsi ilə Dövlət Departamentinin birmənalı şəkildə ifadə
etdiyi tənqidi fikir heç bir şəkildə üst-üstə
düşmür.
Seçkilərdə Azərbaycan xalqı öz iradəsini nümayiş
etdirmişdir. Bu seçim seçki öncəsi və sonrasında müxtəlif
beynəlxalq müşahidə missiyaları, ekspertlər, ABŞ və Avropa
qurumlarının keçirdiyi "exit-poll"lar tərəfindən də tam şəkildə
təsdiq olunmuşdur. DTİHB və ABŞ-ın mövqeyi isə əslində seçkilərdə
iştirak etmiş insanların iradəsinə və hüquqlarına hörmətsizlikdir.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ATƏT-in qısa müddətli
müşahidə missiyasının rəhbəri Mişel Vuazenin seçki ilə bağlı
müşahidələrinin DTİHB-nin hesabatında nəzərə alınmaması qərəzli
mövqedən xəbər verir. Bu demokratik prinsiplərin tamamilə pozulması
demək deyilmi?
Digər tərəfdən, DTİHB-nin müşahidə missiyasının
tərkibindəki müşahidəçilərin əksəriyyətinin bu sahədə təcrübəsinin
olmadığı müəyyən edilmişdir. DTİHB-dən fərqli olaraq, AŞPA, ATƏT
PA, MDB PA, QDİƏT PA kimi təşkilatların müşahidə missiyaları seçki
prosesinin müşahidəsi üzrə ixtisaslaşmış ekspertlərdən təşkil
olunmuşdur. Buradan belə bir qənaətə gəlmək olar ki, bu məqsədyönlü
şəkildə belə edilmişdir. Seçki prosesindən xəbərsiz və bununla
bağlı mövqe bildirmək iqtidarında olmayan insanların müşahidə
missiyasına daxil edilməsi əvvəlcədən qərarlaşdırılmış rəyin
yekunda qəbul edilməsini təmin etmək üçün atılmış
addımdır.
Tez-tez müxtəlif ölkələrin onların qarşısında
öhdəliklərindən danışan ATƏT və ABŞ-ın da Azərbaycan qarşısında
öhdəliklərinin olduğunu unutmaq lazım deyil. Lakin onlar bu
öhdəlikləri yerinə yetirmək üçün indiyə kimi heç bir addım
atmayıblar və bu barədə heç düşünmürlər.
Təəssüflər olsun ki, belə münasibət ATƏT-in bundan
sonra keçiriləcək seçki prosesinə dəvət edilməsinin
məqsədəuyğunluğunu sual altında qoyur".