Cəzaçəkmə müəssisələrinə mobil telefon keçirtmək istəyənlər cinayətkar aləmə meyilli olan şəxslərdir-Eksklüziv

11 Oktyabr 2013 19:21 (UTC+04:00)

Son vaxtlar cəzaçəkmə müəssisələrinə  mobil telefon keçirilməsi ilə bağlı xəbərləri tez-tez eşidirik. Məhkumların yaxınları tərəfindən cəzaçəkmə müəssisələrinə mobil telefon keçirilməsinə çəhdlərin qarşısı alınsa da, bu niyyətini davam etdirənlər hələ də var. Movqe.az məhkumların cəzaçəkmə müəssisələrindən yaxınları ilə telefonla danışmaq imkanlarını araşdırıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Movqe.az-a açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrinə mobil telefon keçirtmək istəyənlər cinayətkar aləmə meyilli olan şəxslərdir: "Onlar müəssisəyə mobil telefon keçirtməkdə məqsədləri   cinayətləri planlaşdırmaq, içəriyə narkotik vasitələr keçirtmək, yaxud da kimlərəsə hədə-qorxu gəlməkdir. Ona görə də, cəzaçəkmə müəssisələrinə mobil telefon keçirməsinin qarşısı alınır".

M.Sadıqov deyir ki,  yaxınları ilə mobil telefonla danışmaq üçün məhkumlara cəzaçəkmə müəssisələrində qanunvericiliyə uyğun olaraq şərait yaradılıb. Bütün cəzaçıkmə məntəqələrində  telefonla danışmaq üçün şərait var. Məhkum həm şəhər telefonu ilə, həmçinin də mobil telefonla ailəsi ilə əlaqə saxlaya bilər. Məhkumlara həftədə 1 dəfə ailələri, yaxınları ilə şəhər telefonu ilə pulsuz danışmaq imkanı yaradılır. Heç bir məhkuma bunun üçün məhdudiyyət qoyulmur. Mobil telefonla danışıq xərci məhkumun şəxsi hesabından çıxılır".

M. Sadıqov da son vaxtlar cəzaçəkmə müəssisələrinə qeyri-qanuni yolla mobil telefon keçirtmək cəhdləri çoxalsa da, belə halların qarşısının alındığını söylədi.