Naməlum viruslar kənd təsərrüfatına qənim kəsilib

12 Oktyabr 2013 08:25 (UTC+04:00)

Kənd təsərrüfatı sahəsində son dövrlərdə ən çox diqqət cəlb edən məqamlardan biri də müxtəlif meyvə və onların ağaclarını sürətlə məhv edən naməlum viruslardır. Problem məhsuldarlığa da ciddi zərər vurur. Bağbanlar isə çıxış yolu kimi müxtəlif dərman preparatlarından istifadə etsələr də, hələ də istənilən nəticə yoxdur. Əvəzində xəstəlik müxtəlif bölgələrdə, müxtəlfi meyvə ağaclarını məhv etməklə məşğuldur.

Məsələn, şabalıd ağacları son dövrlərdə belə virusların hücumlarına məruz qalan ağacları sırasındadır. Belə ki, şabalid ağaclarında kütləvi surətdə xəstəlik yayılır və onlar quruyur.

Şəki rayonunda "Baş şabalıd" adlı kənd də bağbanlar bu problemlə üzləşiblər. "Lider" televiziyasının məlumatına görə, son illər naməlum xəstəlik kənddəki şabalıd ağaclarına qənim kəsilib. Yaşından asılı olmayaraq ağaclarda quruma halları artıb. Analoji hal bölgənin digər rayonları, xüsusilə Qəbələdə də müşahidə olunur. O da bildirilir ki, xəstəlik təkcə "Baş şabalıd" kəndində 300 yaşıl ağacla bərabər, cavan tingləri də məhv edib.

Azərbaycanlı alimlər problemdən xəbardardır. Botanika İnstitutunun alimləri bölgədə vəziyyətlə yerində tanış olublar. Alimlər xeyli müddətdir bu xəstəliyin öyrənilməsi və onunla mübarizə üzərində işləyirlər. Bəzi müalicə metodlarının tətbiqi nəzərdə tutulur. "Baş şabalıd" kəndinin sakinləri problemdən çıxış yolunu hələ ki yeni tinglərin əkilməsində görürlər. Burada tarixən şabalıd toxum vasitəsilə artırılıb. Qeyd edək ki, şabalıd ağacında xəstəlik yarandan sonra bazarlarda bu məhsulun qiymətində kəskin artım olub. Qış aylarında şabalıdın kiloqramı 11-15 manat olursa, yazda qiymət 20-22 manata qalxır. İndi şabalıd məhsulunun ən ucuz olan, yığılma mövsümüdur. Hazırda kənd sakinləri şabalıdın kiloqramını 2-3 manata satır. Ümümiyyətlə, şabalıdın azalmasında xəstəliklərlə yanaşı, insan amili də az rol oynamır.

Viruslar isə təkcə şabalıd ağaclarını məhv etmir. Ucarın Xalac kəndində fermerlərin ciddi narahatçılğına səbəb son iki ildə bağlarındakı xurma məhsullarına naməlum virusun düşməsidir. Bu virus avqust ayından etibarən əvvəlcə meyvənin yarpaqlarına düşür. Sarı-qara rəngdə olan pas ləkələr yarpaqların bir həftə ərzində solaraq düşməsinə, daha sonra ağacdakı meyvələrə keçməsinə səbəb olur. Xurma meyvəsi adətən oktyabrda yetişdiyi halda bu xəstəlik üzündən sentyabrda dəyir. Lakin bu xəstə meyvə həm xarici görünüşünə, həm də dadına görə fərqli, orqanizm üçün təhlükəlidir. 3 gün müddətində isə xəstə ağacda nə meyvə, nə də yarpaq tapılır.

20 ildir ki, xurmanı yaxşı qiymətə xarici bazara satdıqlarını deyən fermerlər əvvəllər bir ağacdan 200-400 kq olmaqla ilə 20-30 ton xurma yığdıqlarını bildirirlər və naməlum virusun əlindən oktyabrın 20-dən sonra bir məhsul belə tapmayacaqlarından narahatdırlar.

Salyanın isə üzüm bağlarında xəstəlik yayılıb. Xəstəlik fermerlərin yetişdirdiyi məhsulu zay edir. Belə getsə, özünəməxsus dadı və görkəmi ilə seçilən məşhur "Xələc" üzümü növbəti il azala bilər. Üzümçülərin "Qırmızı" xəstəlik adlandırdıği bu xəstəliyə daha çox rayonun Şəkərli kəndi ərazisindəki bağlarda rast gəlinir. Üzüm kolları inkişafdan dayanır və yarpaqlari qızardıqdan sonra quruyur.

3 ilə yaxindir bu xəstəliyə qarşi mübarizə aparsa da, nəticə görməyən təcrübəli üzümçü bildirir ki, xəstəliyin qarşisi vaxtinda alinmazsa, Salyandakı üzüm bağları məhv ola bilər. Məsələ ilə bağlı əlaqədar orqanlara da məlumat verilib. Sahələrə baxış keçirən mütəxəssislər bağlardakı duruma kök çürüməsi diaqnozu qoyublar. Vəziyyətdən çıxış yolu kimi isə bağlara mineral və üzvü gübrələrin daha çox verilməsi məsləhət görülüb. Lakin bunun da nəticəsi olmayib.

Qeyd edək ki, "Xələc" üzümü adi ilə tanınan Salyan üzümləri keyfiyyətinə, xüsusən şirinliyinə görə digər rayonlarda yetişdirilən üzümlərdən fərqlənir. Bütün bunlara baxmayaraq üzümçülüklə məşğul olan torpaq sahibləri nikbindilər. Ağır zəhmət hesabına yetişdirdikləri məhsulu vaxtinda toplamağa çalışırlar. Ümumilikdə Salyan bağlarından artiq 5 min tondan çox üzüm yığılıb. Hazırda hər hektardan təxminən 12-15 ton arasi məhsul yığılır ki, bu da əvvəlki illərlə müqayisədə 2-3 ton çoxdur. İndilikdə isə fermerlər xəstəliklərə qarşı daha effektiv vasitələrin əldə olunmasında və tətbiqində maraqlıdırlar.