Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

14 Oktyabr 2013 13:49 (UTC+04:00)

"Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu son illər Azərbaycanda keçirilən bütün seçkilərə nədənsə davamlı olaraq mənfi rəyini açıqlayır, burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil"


Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 14-də ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan müdafiə naziri bu sahədə əldə edilmiş müsbət nəticələr və həllini gözləyən məsələlər ətrafında səfirlə fikir mübadiləsi aparıb. Hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edən Səfər Əbiyev uğurlarla yanaşı maneçilik yaradan amillər barədə də danışıb.

 

O, 907-ci düzəlişin bu sahədə tormozlayıcı rol oynadığını xüsusi vurğulayaraq indiyədək bu ədalətsiz düzəlişin aradan qaldırılmamasına təəssüfünü bildirib. Nazirin fikrincə, 907-ni gündəmə gətirən təşəbbüskarlar bu gün də Azərbaycanı başqa istiqamətdən hədəfə alıblar.

 

Görüş zamanı Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət olub.

 

Müdafiə naziri Səfər Əbiyev seçkinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. Nazir bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını ifadə edib.

 

O bildirib ki, son illər Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəyini açıqlayır. Nazirin fikrincə, burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil. Konkret fakt kimi Səfər Əbiyev 2008-ci ilin fevral ayında işğalçı Ermənistanda total saxtakarlıqla keçirilən prezident seçkilərinə ABŞ Dövlət Departamentinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun verdiyi ümumilikdə müsbət rəyi göstərib: "Hətta İrəvanda etiraz əlaməti olaraq küçələrə axışan minlərlə insana hökumət qüvvələri tərəfindən silahlı təzyiqlər göstərilməsinə, ondan artıq seçicinin qətlə yetirilməsinə baxmayaraq, Ermənistanın rəhbərliyinə heç bir ciddi beynəlxalq təpki olmadı. Fərqli yanaşmanı doğuran səbəblər nədir? Həm başqa ölkənin torpaqlarını işğal edərək saysız-hesabsız günahsız adamın qanını tökən, həm də öz insanına belə amansızlıq nümayiş etdirməkdən çəkinməyən bir rejimin demokratik biçimdə qəbul edilməsini, bir çox hallarda beynəlxalq tənqiddən kənarda saxlanılmasını necə başa düşək?!"

 

Nazir bütün bunların ciddi təhlilə ehtiyacı olduğunu bildirməklə, bu cür siyasi proseslərin qiymətləndirilməsində ikili standartların yolverilməzliyinə diqqəti yönəldib.

 

S. Əbiyevin fikirləri ilə razılaşdığını bildirən ABŞ səfiri 907-ci düzəlişin nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib.

 

Azərbaycandakı prezident seçkiləri ilə bağlı münasibətini ifadə edən səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir. O, həmçinin edilən müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyini də vurğulayıb.

 

Görüşdə əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.