İran öz nüvə probleminin həlli üçün yeni plan təqdim edib

16 Oktyabr 2013 14:10 (UTC+04:00)

İran müəyyən şərtlər daxilində öz nüvə obyektlərində qəfil yoxlamalar aparılmasına icazə verməyə hazırdır.


APA-nın xəbərinə görə, bu barədə "France Presse" agentliyi İran xarici işlər nazirinin müavini Abbas Əraqçıya istinadən məlumat yayıb.

Bu gün Cenevrədə ABŞ, Rusiya, Britaniya, Fransa, Çin və Almaniyanın daxil olduğu "altılıq" ölkələri ilə İran arasında danışıqların ikinci günüdür. Bir gün əvvəl tərəflər iki görüş keçiriblər. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu görüşlərdə ölkəsinin nüvə probleminin həlli və danışıqlar prosesinin davamı haqda yeni plan təqdim edib. Tərəflər bu planın müzakirəsinə başlayıblar. A. Əraqçı nüvə obyektlərində qəfil yoxlamalara icazə verilməsi məsələsinin planın ilk mərhələsində deyil, son mərhələsində nəzərdə tutulduğunu açıqlayıb.