Sürüşməyə görə, cənub bölgəsində alternativ yol çəkilə bilər-Eksklüziv

17 Oktyabr 2013 12:48 (UTC+04:00)

"Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində hazırda yolun dayanıqlığı yoxlanılır. Sürüşmənin davamlı olacağı qənaətinə gəlinsə, bu barədə rəy hazırlanaraq aidiyyatı qurumlara təhvil veriləcək. Bundan sonra alternativ yolun çəkilib-çəkilməməsi həmin qurumlardan asılı olan məsələdir".

Bu məluatı Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov verib. B.Qaralov bildirib ki, hazırda cənub bölgəsi üzrə sürüşmə sahələrində monitorinq aparan qrup Lənkəran-Lerik yolunda tədqiqat aparır: "Çünki ərazidə sürüşmənin aktivliyi davam edir. Bu yolda təhlükə hələki tam aradan qalxmayıb. Odur ki, monitorinq davam edir. Hazırda həmin yolun dayanıqlığı yoxlanılır".