Elnur Aslanov: "“Ramiz Mehdiyevin ifadə etdiyi rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən səsləndirilib”

17 Oktyabr 2013 15:15 (UTC+04:00)
"Ramiz Mehdiyev tərəfindən ifadə olunan rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə keçirilən müxtəlif görüşlərdə səsləndirilib". ANS PRESS-in məlumatına görə, vu sözləri Prezident Administrasiyanın (PA) şöbə müdiri Elnur Aslanov ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin prezidenti seçkiləri ərəfəsində ABŞ rəsmi nümayəndələrinin onlara 74-75% səslə kifayətlənməyi və Milli Şuranın namizədinə 25% səs yazmağı məsləhət gördükləri haqda bəyanatına münasibət bildirərkən deyib. PA rəsmisi seşki ərəfəsində ABŞ rəsmilərinin prezident İlham Əliyevin qələbəsinə şübhə etmədiyini bildirib: "Seçki ərəfəsində Azərbaycan tərəfi ilə görüşlərdə ABŞ rəsmi nümayəndələri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin yüksək etimad reytinqinə malik olması və alternativsizliyi, eləcə də həyata keçirilən əhatəli sosial-iqtisadi proqramlar nəticəsində dövlət başçısının əhalinin bütün təbəqələri tərəfindən dəstəkləndiyi daim vurğulanıb".
Elnur Aslanov Dövlət Departamentinin mətbuat xidmətinin Ramiz Mehdiyevin səsləndirdiyi fikirləri təkzib etməsinə sərt reaksiya verib: "ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərinə gəldikdə isə, deməliyəm ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmlər ABŞ tərəfi, ələxsus səfir R.Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və PA nümayəndələri ilə müxtəlif görüşlərində səsləndirilmişdir. Hesab edirik ki, qapalı görüşlərdə bir cür danışıb, mediada tam başqa cür çıxış etmək yolverilməzdir. 
O ki, qaldı Dövlət Departamentinə, WikiLeaks timsalında bütün dünya ABŞ Dövlət Departamentinin real addımlarının və onlarının təkzibinin şahidi olmuşdur".