Orxan Zeynalovun məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq
17 Oktyabr 2013 15:42 (UTC+04:00)
Azərbaycan Milli Məclisinin oktyabrın 22-də
keçiriləcək iclasında Orxan Zeynalovun törətdiyi hadisə ilə
əlaqədar məsələ müzakirəyə çıxarılacaq. Bu barədə Trend-ə millət vəkili, Azərbaycan-Rusiya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa
bildirib. Millət vəkilinin sözlərinə görə, hazırda mövcud olan
gərginlik ortadan qalxmalı və azərbaycanlıların kütləvi şəkildə
tutulması prosesi dayandırılmalıdır. F.Mustafa bildirib ki, rəsmi səviyyədə bu məsələnin
yumşaldılmasına ehtiyac var: "Əgər mənfi təbliğatın dayandırılması
istiqamətində Azərbaycan tərəfindən hər hansı addımlar olarsa, biz
də parlamentarilər olaraq bunu dəstəkləməkdə üzərimizə düşənləri
etməyə hazırıq". O qeyd edib ki,
burada müəyyən dairələrin siyasəti nəticəsində əvvəlcədən
hazırlanmış tamaşa variantının təqdimatından söhbət gedir: "Ona
görə bu məsələyə rəsmi səviyyədə, hökumətlərarası münasibət
səviyyəsində baxmaq daha doğru olardı. Bu tək ictimaiyyətlə bağlı
məsələ deyil. Çünki qətl, kriminal üçün hüquqi mexanizmlər var -
gündə yüzlərlə belə hadisələr baş verə bilər və onlar hüquq
çərçivəsində həll olunur. Burada rəsmi dövlət səviyyəsində olan
siyasətdən söhbət gedir. Bazarın bağlanması üçün istənilən bəhanə
tapmaq olar - bu hansısa qoca rus qadına meyvə satılmasından imtina
da ola bilərdi, kriminal da ola bilərdi".
F.Mustafa vurğulayıb ki, rəsmi səviyyədə məsələnin
yumşaldılmasına ehtiyac var: "Biz də parlamentlərarası dostluq
qrupunun üzvü kimi məsələnin müəyyən qədər yumşaldılmasına çalışan
mesajlar verməliyik".
Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda
oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli
sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən
yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və
"Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və
bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər.
Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş
nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət
alıb.
Hadisə baş verən gündən sonra Moskvada Azərbaycan
və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər.
Həmçinin Orxan Zeynalovun tutulması zamanı, ona qarşı işgəncə
faktları yer alan görüntülər yayılıb.