Azərbaycanın Omdusmanı: "Orxan Zeynalovun tutulması zamanı bir sıra ciddi qanun pozuntularına yol verilib"
17 Oktyabr 2013 17:13 (UTC+04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsman) Rusiya Federasiyasında tutulan
O.Zeynalovun hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yayıb.
Movqe.az bəyanatı təqdim edir:
Məlum olduğu kimi, Moskva şəhərində Rusiya
Federasiyasının vətəndaşı Y.Şerbakovu öldürməkdə şübhəli bilinən,
Moskvada əməkçi miqrant qismində çalışan Azərbaycan Respublikasının
vətəndaşı O.Zeynalov cari ilin oktyabr ayının 15-də xüsusi
təyinatlı polis qüvvələri tərəfindən keçirilmiş əməliyyat
nəticəsində tutulmuşdur. O.Zeynalovun tutulması zamanı
bir sıra ciddi qanun pozuntularına yol verilmişdir. Qeyd
olunmalıdır ki, Rusiya Federasiyası BMT-nin və Avropa Şurasının
üzvü olaraq, insan hüquqlarına dair əsas beynəlxalq hüquqi
aktların, o cümlədən də Mülki və siyasi hüquqlar haqqında
Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının, işgəncə
əleyhinə BMT və Avropa Şurası Konvensiyalarının iştirakçısı kimi öz
üzərinə müvafiq öhdəliklər götürmüşdür. Belə ki, Beynəlxalq Paktın 7-ci, Avropa İnsan Hüquqları
Konvensiyasının 3-cü maddəsinə əsasən, heç kəs işgəncəyə və ya
qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaya məruz qala
bilməz. Eyni zamanda Paktın 14-cü maddəsinə əsasən, cinayət
törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanuna
müvafiq olaraq sübuta yetirilməyənə qədər günahsız hesab olunur. Bu
maddənin daha bir tələbi ondan ibarətdir ki, saxlanılan şəxsə ona
qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında
dərhal və onun başa düşdüyü dildə məlumat
verilməlidir. Rusiya həmçinin MDB
çərçivəsində bağlanmış əməkçi-miqrantların və onların ailə
üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın iştirakçısıdır. Bu
konvensiya milli və digər əlamətlərindən asılı olmayaraq, bütün
əməkçi-miqrantlara şamil edilir. Konvensiyaya əsasən,
əməkçi-miqrantlar və onların ailə üzvləri bütün digər hüquq və
azadlıqlarla yanaşı, olduqları dövlətin vətəndaşları ilə birgə
qanun və məhkəmə qarşısında bərabərdir. KİV-də və internet portallarında nümayiş etdirilmiş kadrlardan
göründüyü kimi, O.Zeynalov saxlanılan zaman xüsusi təyinatlı polis
qüvvələri tərəfindən zərurət olmadan ona qarşı güc tətbiq edilməsi,
kobud rəftar, müxtəlif bədən xəsarətləri yetirilməsi, ləyaqəti
alçaldan davranış insan hüquqlarına dair normaların ciddi
pozuntusudur. O.Zeynalovun tutulması və dövlətin yüksək vəzifəli
şəxslərindən olan Daxili İşlər nazirinin xidməti otağına ləyaqəti
alçaldılmış şəkildə gətirilməsi, prosessual qanunvericilikdə
nəzərdə tutulmuş qaydada, vaxtında vəkillə və tərcüməçi ilə təmin
edilməməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan KİV-də
cinayətkar, qatil adlandırılması aidiyyəti beynəlxalq hüquq
normalarının, həmçinin Rusiya Konstitusiyasının, xüsusilə də 21-ci,
46-cı, 48-ci, 49-cu və digər maddələrinin, Rusiya Federasiyası
cinayət prosessual qanunvericiliyinin və hüquqi dövlətin təməl
prinsiplərindən olan təqsirsizlik prezumpsiyasının kobud pozuntusu
ilə müşayiət olunmuşdur. O. Zeynalovun qətl törətməsini fiziki və
psixoloji təzyiq, işgəncə altında etiraf etməsi də onun ifadəsinin
hüquqi əhəmiyyətini şübhə altına almış
olur. Məlum olduğu kimi, uzun illərdir
ki, Rusiyada azərbaycanlılar, Azərbaycanda isə ruslar sülh
şəraitində yaşayırlar. Məişət zəminində baş verən bu kimi cinayət
hadisəsinin etnik səviyyəyə qaldırılması, millətlərarası münaqişəyə
səbəb ola bilən Rusiyada çalışan bütün miqrantların qovulmasına
çağırışlar edilməsi yolverilməzdir. İstər Rusiyada, istərsə də
Azərbaycanda ruslar tərəfindən azərbaycanlıların öldürülməsi
hallarına Azərbaycanda heç vaxt milli zəmindən yanaşma müşahidə
edilməmişdir. Çoxmillətli ölkə olan Rusiyada da bu məsələyə xüsusi
diqqət və həssaslıqla yanaşılmalıdır. O.Zeynalova qarşı bu qanunazidd, zorakı, ləyaqəti alçaldan
hərəkətlər həm də diskriminasiyanın bariz təzahürüdür, halbuki
beynəlxalq və milli hüquqa əsasən, ümumqəbulolunmuş norma olaraq,
hər hansı əlamətə, o cümlədən milli mənsubiyyətinə görə
diskriminasiya qadağan edilir.
Məhz bu səbəbdən baş vermiş hadisə artıq Rusiyanın
hüdudlarından kənara çıxaraq beynəlxalq ictimaiyyətin də etirazına
səbəb olmuşdur. Eyni zamanda
məişət zəminində baş vermiş və Moskvanın Qərbi-Biryulevo rayonunda
yerləşən meyvə-tərəvəz bazasının fəaliyyəti ilə heç bir bağlılığı
olmayan cinayət hadisəsi nəticəsində mindən artıq miqrantın
saxlanılması, onlara qarşı kobud rəftar edilməsi, ləyaqətinin
alçaldılması, mülkiyyətinin talan və məhv edilməsi adı çəkilən
beynəlxalq sənədlərin, Rusiya qanunvericiliyinin, həmçinin MDB
çərçivəsində bağlanmış və Rusiyanın da iştirakçısı olduğu əvvəldə
qeyd olunan Əməkçi-miqrantların və onların ailə üzvlərinin hüquqi
statusu haqqında Konvensiyanın tələblərinin kobud
pozuntusudur. Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, Rusiyanın
Federal Ombudsmanı V.P.Lukini Rusiya Federasiyasında İnsan
hüquqları üzrə Müvəkkil haqqında qanunu və digər müvafiq
qanunvericilik aktlarını, o cümlədən Rusiyanın iştirakçısı olduğu
beynəlxalq müqavilələri rəhbər tutaraq, səlahiyyətli orqanlarla
birgə məsələnin hüquq müstəvisində dərindən araşdırılmasına,
O.Zeynalovun və digər azərbaycanlı miqrantların hüquqlarının təmin
olunması istiqamətində zəruri tədbirlər görməyə
çağırıram.