İran Nizami Gəncəvi ilə bağlı məsələni indi də siyasiləşdirməyə çalışır

17 Oktyabr 2013 18:11 (UTC+04:00)

Musa Qasımlı: "İran tərəfinin Azərbaycan əleyhinə YUNESKO-ya şikayət etməsi, özündən ərazicə kiçik olan Azərbaycan qarşısında kiçikliyini göstərir"



Cənub qonşumuzun Azərbaycana qarşı əsassız iddiaları yenə davam edir. Bu fonda diqqət çəkən növbəti məqamlardan biri də odur ki, İranın mədəni irs, əl işləri sənayesi və turizm təşkilatının sədri Məhəmməd Əli Nəcəfi YUNESKO-nun baş direktoruna Azərbaycandan şikayət edib. O, baş direktora ünvanladığı məktubda Nizami Gəncəvinin fars dilində olan şeir kaşılarının onun məqbərəsindən yığışdırılmasını Bakının farsofobiya siyasəti kimi xarakterizə edib. M.Ə.Nəcəfi məktubda yazıb ki, Azərbaycan dövlətinin farsofobiya siyasəti bir neçə ildir İran şəxsiyyətlərini və ədəbiyyatının tarixini hədəfə alıb, onun ən son nümunəsi Nizami Gəncəvinin fars dilində olan şeir kaşılarının o şairin məqbərəsindən götürülməsidir. Onun fikrincə, bu addım mədəni ortaqlıqların nəzərə alınmaması mənasına gəlir: "Bizim YUNESKO-dan istəyimiz beynəlxalq səviyyədə mədəni işlərə nəzarət edən bir qurum kimi, bu qeyri-mədəni rəftarın dərhal qarşısını almaq və əvvəlki vəziyyətinə geri qaytarmaqdır".

Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qeyd edir: "Müxtəlif dövrlərdə Azərbaycan şairi olan Nizamini fars şairi adlandırsalar da, bu, hələ onun mənşəyi demək deyil. Nizami Gəncəvinin yaradıcılığını bilən hər bir şəxsə məlumdur ki, o türkdür. Nizami Gəncəvinin əsərləri bir Azərbaycan türkünün yaradıcılığıdır. Bunu İran alimləri də bilir. Məhşur İran alimlərindən olan Səyid Nəfis özü də çox aydın şəkildə bildirib ki, Nizami Gəncəvidən  türk ətri gəlir. Nizami Gəncəvinin dili fars dili olsa da, dil hiss olunur ki, bu bir türkün başqa dildə yazdığı əsərlərdir. O dövrdə də belə hallar çox olub. Mövlanə Cəmallədinin də demək olar ki, bütün yaradıcılığı fars dilindədir. Ancaq heç kim şübhə belə etmir ki, o, bir türkdür. Bununla yanaşı, digər bir fakt da var ki, heç bir İran şairi Makedoniyalı İsgəndəri müsbət qəhrəman hesab etmir. Firdovsidən başlamış digər şairlər də Makedoniyalı İsgəndəri bəyənmir. Ancaq türklər üçün bu hal fərqlidir. Makedoniyalı İsgəndəri türklər sevir və müsbət qəhrəman hesab edir. 

YUNESKO-da kifayət qədər bu sahəni, bu faktları bilən mütəxəssislər var. Onlar İran tərəfə çox düzgün və dəqiq cavab verə bilərlər ki, Nizami Gəncəvi Azərbaycan şairidir. Bunu sübut etməyə heç ehtiyac yoxdur. Çünki illərdir, hər şey göz qabağındadır. Dünyada Nizamişünaslığın mərkəzi həmişə Azərbaycan olub. Nizami Gəncəvinin məzarı da Azərbaycandadır. Nizami Gəncəvi Gəncədə doğulub və orada da yaşayıb. Onun nəsli olan Şeyxlər nəsli bugünə kimi Gəncədə yaşayır. Gəncədə Şeyxzamanovlar var ki, bunların indi də yaddaşında  Nizami Gəncəvinin Gəncədə ulu babalarının, qohumlarının yaşadığı fikri qalır. Həm şəxsiyyəti, həm də ki, yaradıcılığı araşdırılan zaman məlum olur ki, Nizami Gəncəvi Azərbaycan şairidir. Əgər bunu deyirlərsə, o, farsca yazıb, ona qalsa, məhşur Məhəmməd Hüseyn Şəhriyar da, digər bəzi şairlərimiz də farca yazıb. 

Nizami Gəncəvinin məqbərəsi üzərində bizimkilər farsca yazılanları çıxardılar. Çünki onsuz da Azərbaycanda heç kim başa düşmürdü orada nə yazılıb. Mən burada çox böyük mübahisə etmək istəməzdim. Ancaq mənim fikrimcə, orijinalda orada bir neçə beyt qala bilərdi. Bu mümkün idi. Ancaq istər o beytlər qalsın, istər qalmasın, bu, heç nəyi dəyişmir. Əsas odur ki, Nizami Gəncəvi Azərbaycan şairidir".

Millət vəkili, tarixçi Musa Qasımlı isə məsəəlyə belə münasibət bildirir: "Azərbaycan Respublikasında heç bir digər millətə qarşı bədxah, düşmən münasibət yoxdur, ola da bilməz. Azərbaycanda ümumiyyətlə, farsofobiya yoxdur. Nizami Gəncəvi Azərbaycan şairidir. Onun Azərbaycana mənsubluğunu şübhə altına almaq da olmaz! İran tərəfinin Azərbaycan əleyhinə YUNESKO-ya şikayət etməsi, özündən ərazicə kiçik olan Azərbaycan qarşısında kiçikliyini göstərir. Azərbaycanda dünya ölkələrinin müxtəlif şair, yazıçılarının heykəlləri var. İranda isə Azərbaycan xalqına məxsus tarixi yerlər sıradan çıxarılır. Hesab edirəm ki, YUNESKO bu məsələyə müdaxilə edə bilməz, sadəcə, fikrini, rəyini  bildirə bilər. Çünki Azərbaycanda heç bir millətə, xalqa, dövlətə qarşı düşmənçilik və qısqanclıq hissləri yoxdur".