LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

9 Oktyabr 2013 09:00 (UTC+04:00)

Cari ilin ilk üç rübünün sosial-iqtisadi yekunları növbəti dəfə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf yolunda olduğunu nümayiş etdirdi. Təqdirəlayiq haldır ki, yaşanan sürətli sosial-iqtisadi tərəqqidə ölk əregionlarının da xüsusi çəkisi artan xətt üzrə inkişaf edir. Artıq yaradılan bazis fonunda qarşıdakı dövrdə regionların iqtisadi inkişafda daha çox rol oynayacağı proqnozlaşdırılır. Xüsusən də qeyri-neft sektorunun tərəqqisində.

Yeri gəlmişkən qeyd edək ki, hazırda ümumi iqtisadi inkişafda qeyri-neft sahəsi getdikcə daha mühüm rol oynayır. Bu fakt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha vurğulandı.

Sözügedən məqama toxunan Prezident İlham Əliyev qeyd etdi: "Deyə bilərəm ki, doqquz ay çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi. Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edir və bu dinamik inkişaf əminəm ki, gələcək illərdə də özünü göstərəcəkdir. Çünki bu günə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artmışdır. Hesab edirəm ki, indiki zəmanədə xüsusilə dünyada hələ də davam edən böhran şəraitində bu, kifayət qədər yüksək göstəricidir və bizə imkan verir ki, biz öz investisiya proqramlarımızı da uğurla icra edək. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz artır, yüksək templərlə artır və ilin əvvəlindən bu günə qədər bu yüksək templər qorunur. Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artmışdır və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir. Beləliklə, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən asılılığını gələcəkdə tamamilə aradan götürəcəkdir. Eyni zamanda, əlbəttə ki, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin nəticəsidir. Çünki mən bu məsələlərlə bağlı fikirlərimi mütəmadi qaydada bildirirəm və qeyd edirəm ki, iqtisadi sahədə əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Biz buna da nail ola bilmişik və 10,4 faiz artım bunun gözəl göstəricisidir. Sənaye istehsalında da artım vardır. Kənd təsərrüfatı təxminən 5 faiz artmışdır və burada da gələcək artım üçün gözəl potensial vardır".

Cari ilin ötən dövrü göstərir ki, ümumi iqtisadi tərəqqidə regionların inkişafı ilə bağlı bütün hədəflərə nail olunub. O da məlumdur ki, bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqram artıqlaması ilə icra edilib. Təkcə bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılmışdır. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılıb ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarıb. Son məlumata görə Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşür. Prezident İlham Əliyev bununla bağlı bildirir: "İlin sonuna hələ iki ay vaxt qalır, ancaq indidən demək olar ki, Azərbaycanda bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən az olacaqdır. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılır. Dövlət tərəfindən sahibkarlara böyük güzəştlərlə kreditlər ayrılır. Kənd təsərrüfatının inkişafı üçün çox böyük güzəştlərlə kreditlər ayrılır və infrastruktur layihələri icra edilir. İri fermer təsərrüfatlarının fəaliyyəti üçün dövlət öz üzərinə böyük vəzifələr götürmüşdür. Suvarma ilə bağlı məsələlər, meliorasiya məsələləri - bütün bunlar sahibkarlığa dəstək və təkan verən addımlardır. İqtisadi və sosial məsələlərin kompleks şəkildə həlli əlbəttə ki, ölkə iqtisadiyyatının inkişafını şərtləndirir. Beləliklə, növbəti illərdə əminəm ki, biz bu müsbət dinamikanı qoruyub saxlaya biləcəyik".

Araşdırmalar göstərir ki, Regional İnkişaf Proqramı çərçivəsində bu ilin ötən dövründə infrastrukturun inkişafı, o cümlədən yolların inşası və yenidən qurulması, əhalinin enerji, qaz, istilik, su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, rayonların abadlaşdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Bölgələrin inkişafında xüsusi əhəmiyyəti olan kənd yollarının təmiri, bərpası və yenidən qurulması ilə bağlı ötən il başlanılmış 19 layihənin 11-nin icrası bu il başa çatdırılıb.

Hesabat dövründə 162 yaşayış məntəqəsi qazla təmin edilib, 4 elektrik stansiyası istismara verilib. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq işlərə başlanıb, 16 şəhər və rayon mərkəzinə içməli su verilib. Bir müddət əvvəl istifadəyə verilən Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan su kanalı aqrar sektorun inkişafını sürətləndirməklə yanaşı, əhalinin içməli su və enerji ilə təchizatını daha da yaxşılaşdıracaq. Hesabat dövründə regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, regionlarda sahibkarlıq subyektlərinin sayı və vergi daxilolmalarının artıb. Bu dövrdə 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilib və təmir olunub. Hesabat dövründə sement, transformator, elektrik avadanlıqları, boru, kərpic, şüşə qablar, metalkonstruksiya zavodları, seramik plitələr və tekstil parkları, kağız emalı və karton istehsalı, parça boyama fabrikləri istifadəyə verilib. Bu müəssisələrin fəaliyyəti idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının artırılmasına imkan verəcəkdir.

Bu ilin 9 ayında qeyri-neft sənayesinin inkişafı davam edib, gəmiqayırma zavodunun və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə verməklə, müasir texnologiyaların cəlb olunmasına, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcək.

Bu dövrdə əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib. Dövlət dəstəyi ilə intensiv metodlar və müasir texnologiyalar əsasında istifadəyə verilmiş və tikintisi davam etdirilən müəssisələr hesabına yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaq və bu tədbirlər nəticəsində özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək. İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı da son 9 ayda mühüm işlər görülüb. Yaradılmış pilot taxılçılıq təsərrüfatında rekord həcmdə yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunub. Əlavə olaraq 5 iri taxılçılıq təsərrüfatının yaradılması üzrə tədbirlər görülür.

Qeyd edək ki, Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində müvafiq olaraq 3300 və 1500 hektar olmaqla ümumilikdə 4800 hektar sahədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı - "Qarabağ-Taxıl" MMC yaradılıb. Ərazidə dövlət əsaslı vəsaiti hesabına yeraltı qrunt sularının axıdılması və torpağın münbitliyinin artırılması məqsədilə kompleks meliorativ tədbirlər həyata keçirilib. Belə ki, ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün Yuxarı Mil Kanalının davamı olaraq ümumi uzunluğu 10,7 kilometr olan beton örtüklü kanal çəkilib. Xatırladaq ki, sözügedən özəl taxılçılıq təsərrüfatlarının investisiya layihəsinin ümumi dəyəri 27,6 milyon manatdır. İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən layihənin reallaşdırılmasına 10 milyon manat güzəştli kredit ayrılıb. Nazirlikdə bildirirlər ki, bir müddət əvvəl ərazidə yaradılmış taxılçılıq təsərrüfatının nəzdində tutumu 30 min ton olan müasir taxıl anbarı kompleksinin tikintisinə başlanıb və özəl aqroservis yaradılıb. Bu, həm də sahibkarlığın dinamik tərəqqisinə təkan verir.

Ümumiyyətlə, ölkəmizdə sahibkarlığın inkişafı diqqətdə saxlanılaraq iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Belə ki, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Hazırda dövlət orqanları tərəfindən 426 növ xidmət elektron qaydada göstərilir. "ASAN xidmət"in fəaliyyətinin genişlənməsi də sahibkarlığın inkişafına töhfə verir. Təsadüfi deyil ki, maliyyə dəstəyi çərçivəsində 9 ay ərzində 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kredit verilib və bu layihələr hesabına 10200-dək yeni iş yeri yaradılacaq. Kreditlərin 70 faizi regionların, 30 faizi Bakı qəsəbələrinin payına düşüb, 67 faizi aqrar sektora, 33 faizi isə sənaye məhsullarının istehsalı və emalına verilib. İlin sonuna geri qaytarılan kreditlər hesabına sahibkarlara əlavə 30 milyon manatadək kredit verilməsi və bununla da il ərzində verilən məbləğin 275 milyon manata çatdırılması planlaşdırılır. Bu dövrdə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manat təşkil edib, orta aylıq əmək haqqı isə 7,4 faiz artaraq 417 manata çatıb. Bununla da ölkə iqtisadiyyatının inkişafı və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülüb. Yaşanan bu sürətli tərəqqinin regionların timsalında da öz əksini tapması bir daha ölkənin dəqiq dşünülmüş, məqsədyönlü inkişaf yolunda olduğunu göstərir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.