Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

17 Oktyabr 2013 20:00 (UTC+04:00)

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Əmin olduğumu bildirirəm ki, ali dövləti vəzifədə Sizin fəaliyyətiniz Azərbaycanın daha da çiçəklənməsinə, həmçinin Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişafına kömək edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olasınız".



Sloveniya Respublikasının Prezidenti Borut Pahordan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənizə tərəqqi və çiçəklənmə arzu edirəm. Sizə ali dövləti vəzifədə uğurlar diləyirəm.

Mən Azərbaycan və Sloveniya arasında dostluq əlaqələrinin bundan sonra da bütün istiqamətlərdə uğurla davam edəcəyinə əminəm. Əminəm ki, ölkələrimiz arasındakı faydalı əməkdaşlıq dünyada sülhün və stabilliyin möhkəmlənməsinə töhfə verəcəkdir.

Xahiş edirəm, cənab Prezident, Sizə olan ən səmimi ehtiramımı qəbul edin".



Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçdən:

"Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Xalqın Sizə dərin etimadı ona əsaslanır ki, Sizin prezidentliyinizin əvvəlki dövründə fəaliyyətiniz uğurlu olmuşdur. Əminəm ki, Sizin yeni prezidentlik müddətiniz də ölkəniz və xalqınız üçün müvəffəqiyyətli olacaq, eyni zamanda, regionunuzda sülhün möhkəmlənməsinə və sabitliyə öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".



Oktyabrın 17-də Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Antonis Samaras prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Yunanıstanın Baş nazirinə minnətdarlığını bildirmişdir.

Söhbət zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.



Lyublyana şəhərinin meri Zoran Yankoviçdən:

"Ölkənizdə keçirilmiş prezident seçkilərinin nəticələrindən çox məmnunam. Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim.

Seçkilərdə qalib gəlmək həmişə ağır, gərgin, qətiyyətli, inadlı, səbirli bir iş, əməkdaşlıq, komanda ilə çalışmaq, həmkarlara dərin inam, həmrəylik, möhkəm dəlillər tələb edən və ən yaxşı nəticəyə hesablanan fəaliyyətdir. Əminəm ki, bu keyfiyyətlər zəminində ümumi məqsədlər naminə Azərbaycan Respublikasının inkişafı üçün səylərinizi davam etdirəcəksiniz.

Hörmətli cənab Prezident, Sizə işlərinizdə davamlı uğurlar arzulayıram.

Sizə ən yaxşı arzularımı çatdırır, tezliklə Lyublyanada görüşəcəyimizə ümid edirəm".



Sloveniya Respublikasının müdafiə naziri Roman Yakiçdən:

"İcazə verin, fürsətdən istifadə edərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Qəti əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra da davam edəcək və daha da möhkəmlənəcəkdir.

Hörmətli cənab Prezident, ümidvaram ki, tezliklə Sloveniya Respublikasında Sizinlə görüşəcəyəm. Məlum olduğu kimi, 2013-cü ilin dekabrında Sloveniya Respublikası və Azərbaycan Respublikası həm bizim, həm də sizin Milli Qəhrəmanımız Mehdi Hüseynzadənin - Mixaylonun 95 illiyinə həsr olunan birgə tədbir keçirəcəkdir.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram".



Beynəlxalq İdman Təşkilatları Konfederasiyasının prezidenti Boris Roqatindən:

"Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq İdman Təşkilatları Konfederasiyası İcraiyyə Komitəsinin adından səmimi qəlbdən təbrik edirəm.

MDB ölkələrinin idman ictimaiyyəti bu hadisəni xalqın Sizə etimadı və ölkənizin sosial inkişafına Sizin şəxsi töhfənizin qiymətləndirilməsi kimi qəbul edir. Bu inkişafda mühüm yer tutan bədən tərbiyəsi və idman proqramlarının Azərbaycan Respublikasında həyata keçirilməsi bütövlükdə Birlik ölkələri məkanına müsbət təsir göstərir.

Biz əminik ki, Sizin MDB-də yüksək mövqeyiniz və nüfuzunuz 2014-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində MDB ölkələrinin IX Beynəlxalq İdman Oyunlarının uğurla keçirilməsində də, əvvəlki illərdə olduğu kimi, idman təşkilatlarını dəstəkləməyə imkan verəcək, millətin sağlamlığı və xalqlar dostluğunun qorunub saxlanması üzrə səylərinizin real təcəssümü olacaqdır.

Sizə uğurlar diləyir, özünə layiqli rəhbər seçmiş Azərbaycan xalqına ən xoş arzularımızı bildiririk".



Rusiya Federasiyasının Kemerovo Vilayətinin qubernatoru Aman Tuleyevdən:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Kemerovo Vilayət Administrasiyası, Xalq Deputatları Soveti və vilayətin bütün sakinləri adından, həmçinin şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Sizə göstərilən ümumxalq dəstəyi son onillikdə Sizin rəhbərliyinizlə ölkənizin qazandığı inamlı nailiyyətlərin qardaş Azərbaycan xalqı tərəfindən etiraf olunmasına dəlalət edir. Bu dəstək Sizə göstərilən ən yüksək etimadı və yürütdüyünüz siyasətin ürəkdən bəyənilməsini ifadə edir. Sabitliyin və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş bu siyasət Azərbaycanın dinamik və fasiləsiz inkişaf, demokratik hüquqi dövlətçiliyin təkmilləşdirilməsi yolu ilə irəliləməsini təmin edir.

Siz XXI əsrin müasir lideri, güclü xarizmatik siyasi xadim, atanız Heydər Əlirza oğlu Əliyevin ən layiqli varisisiniz. Mən Heydər Əlirza oğlunu şəxsən tanıyırdım və onun görkəmli xidmətləri, şəxsiyyətinin miqyası, istedadı, dövlətə sədaqəti və doğma Azərbaycana atalıq qayğısı qarşısında indi də baş əyirəm.

Kuzbas ilə Azərbaycan Respublikasının əməkdaşlığını yüksək qiymətləndirirəm. Bu əməkdaşlığa görə biz Heydər Əlirza oğlunun fəal iştirakına borcluyuq.

Bu gün Siz atanızın dövlətçilik işini davam etdirir, MDB-də və bütün dünya birliyində haqlı olaraq möhkəm nüfuz qazanmış, güclü, müasir Azərbaycan dövlətinə qətiyyətlə rəhbərlik edirsiniz. Azərbaycanın yeni əsri və əlbəttə, onun ən yeni tarixi Sizin adınızla bağlıdır.

Hörmətli İlham Heydər oğlu!

Sizi sevən və ətrafınızda sıx birləşmiş Azərbaycan xalqına xidmət kimi nəcib işinizdə səmimi qəlbdən yeni uğurlar diləyimizi qəbul edin.

Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm!"