AMEA Elmi Müəssisələrinin Direktorları Şurası təsis edilib - FOTO

17 Oktyabr 2013 21:30 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


APA-nın xəbərinə görə, tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə ilk təqdim olunan "Yerin daxili strukturlarının və dinamikasının təkamülündə deformasiya proseslərinin rolu" adlı məruzənin əhəmiyyətindən danışıb. O bildirib ki, Qafqaz regionu geodinamik proseslərin və seysmik risklərin geniş yayıldığı zonadır.

 

Daha sonra isə AMEA-nın üzvləri məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar.

 

Məsələ müzakirə olunduqdan sonra AMEA Elmi Müəssisələrinin Direktorları Şurası təsis edilib, həmçinin, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub. A.Əlizadə şuranın sədri təyin edilib.

 

Müzakirəyə təqdim edilən növbəti məsələ AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası barədə olub. A.Əlizadə deyib ki, elmi fəaliyyət sahəsindəki islahatların əsas hərəkətverici qüvvəsi gənclik olmalıdır. Akademik bildirib ki, akademiyada gənclərlə bağlı mövcud təşkilati strukturlar və ənənəvi iş prinsipləri qeyd olunan məqsədlərin reallaşdırılmasına imkan vermir.

 

Məsələ müzakirə olunduqdan sonra Rəyasət Heyəti tərəfindən bəyənilərək AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması tövsiyə olunub.  AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə bu il noyabrın 30-dək Gənc alim və mütəxəssislər şurasının yaradılması tapşırılıb. Dekabrın 31-dək isə həmin şuraların səlahiyyətli nümayəndələrinin iştirakı ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağının keçirilməsi nəzərdə tutulur.