LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

16 Oktyabr 2013 09:00 (UTC+04:00)

Bu gün Azərbaycan iqtisadiyyatını xarakterizə edən mühüm cəhətlərdən biri də yüksək innovativ texnologiyaların tətbiqidir. Son illərdə belə texnologiyaların tətbiqi ilə ölkədə çoxlu sayda yeni istehsal və xidmət sahələri yaradılıb. Təqdirəlayiq haldır ki, belə texnologiyaların tətbiqi ilə fəaliyyət göstərən yeni müəssisələrin sayı ölkə regionlarında da çoxalır. Son dövrlərdə bölgələrdə artan belə müəssisələrin bir çoxunun açılışında isə şəxsən Prezident İlham Əliyev özü iştirak edib və ya onların fəaliyyəti ilə birbaşa yerində tanış olub. Məsələn, bir müddət əvvəl dövlət başçısı Gədəbəydə "Halal Qida" süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olub.

Qeyd edək ki, kompleksin ümumi dəyəri 4,1 milyon manatdır və bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,8 milyon manat güzəştli kredit verilib. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla təchiz edilib. Soyuducu anbar kompleksi Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın təmin olunmasına imkan yaradır. Gündəlik istehsal gücü 5 ton olan kartof emalı sahəsi Hollandiya texnologiyası əsasında qurulub. Burada Gədəbəy və ətraf rayonlardan tədarük olunan kartofun yuyulması, çeşidlənməsi və son zamanlarda istehlakçıların yarımfabrikat məhsullara tələbatını nəzərə alaraq kartofun qabıqdan çıxarılaraq doğranmış formalarda vakuum qablaşdırılması həyata keçirilir. İstehsal olunan süd və kartof məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin xammal bazası yerli fermerlərdən tədarük olunacaq məhsullar hesabına təmin edilir. Bu layihələrin icrası nəticəsində 74 nəfər yeni iş yeri ilə təmin olunub.

Özü də kompleksin tərkibində fəaliyyət göstərən və regionun digər rayonlarında olan istehsal və emal müəssisələri də var. Onlar sırasında Gəncədəki "Elba" və "Halal Qida" brendi ilə 5 növdə, 30-a yaxın çeşiddə kolbasa və sosiska, 2 çeşiddə yarımfabrikat - çiy və bişməmiş dönər istehsal edən, illik istehsal gücü 5 min ton olan ət emalı fabriki, Daşkəsəndə illik istehsal gücü min ton olan ət kəsimi fabriki və min tonluq soyuducu anbar, Samuxda illik istehsal gücü 1,6 min ton olan broyler fabriki fəaliyyət göstərir. Hazırda Gəncədə illik 12 min ton ət kəsimi və 3,2 min ton ət emalı gücünə malik olan, Almaniya və Türkiyə texnologiyası əsasında müasir ət kəsimi və emalı fabriki də inşa olunur. İstehsal olunan ət məhsullarının Gəncə-Qazax iqtisadi rayonu ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da satışı həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış dövlət güzəştli kredit vəsaitləri mühüm rol oynayır.

Müasir texnologiyalar əsasında qurulan süd emalı müəssisəsində ilkin olaraq pendir, qatıq, xama və digər süd məhsullarının istehsalı nəzərdə tutulur. Gələcəkdə İsveçrənin "Tetra Pak" şirkətinin müasir avadanlığı ilə təchiz edilməklə süd məhsullarının ekoloji təmiz qablaşdırılması və daha uzunmüddətli saxlanılması məqsədilə istehsal sahəsinin genişləndirilməsi planlaşdırılır. Burada istehsal olunan məhsullar "Gədəbəy" brendi adı altında buraxılır.

Qazax sement zavodunun sement istehsalı xəttinin açılışı da regionlarda yüksək texnologiyaların tətbiqi əsasında istehsal müəssislərinin fəaliyyətinə daah bir real nümunədir. Bu fonda xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılır. Bu müəssisənin inşasına 2010-cu ildə başlanıb. Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilib. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti inşa olunub. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa edilib.

Müəssisənin ərazisində orijinal layihə əsasında park salınıb. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunub. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanıb. Gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1 milyon ton sement olan zavodun inşası iki mərhələdə aparılır. Birinci mərhələdə sement istehsalı xətti istifadəyə verilir. İkinci mərhələdə isə klinker istehsalı xəttinin tikinti-quraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulub. Bu ilin martında sement istehsalı xəttinin inşaat və quraşdırma işləri tamamlanıb, avadanlıq üzrə soyuq və isti sınaqlara başlanıb. Sınaqlar uğurla yekunlaşıb. Müəssisədə bir neçə markada sement istehsal olunacaq. Bununla əlaqədar uyğunluq sertifikatları alınıb.

Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Zavodun avtomatik idarəetmə sistemi "SİEMENS" firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılmış və ən müasir avadanlıqla təchiz edilib. Zavodun idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir. Zavodun klinker istehsalı bölməsində quraşdırma işləri proqram üzrə davam etdirilir. Bu il həmin istehsal xəttinin işə salınması nəzərdə tutulub. Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılıb. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Gündəlik istehsal gücü 2500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulub. İşçilərin əksəriyyətini Qazax rayonunun və yaxın bölgələrin sakinləri təşkil edir.

Bu günlərdə isə Xəzər dənizinin sahilində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində dünya standartlarına cavab verən dəniz suyunu duzsuzlaşdıran ilk böyük həcmli zavod istismara verilib. Bu da yüksk texnologiyaların tətbiqi nəticəsində mümkünləşib. O da məlumdur ki, Yer kürəsində təmiz suya olan tələbat ilbəil artmaqdadır və bu səbəbdən də alternativ təmiz su mənbələrinin üzə çıxarılması, onlardan istifadənin təşkili bir çox ölkələr üçün aktualdır. Məhz bu baxımdan regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda da su probleminin yaxın gələcəkdə yaşana biləcəyini nəzərə alan prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair keçirilmiş iclasında dəniz suyunun duzsuzlaşdırılması məsələsini xüsusilə vurğulayıb və bununla bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıb.

Həmin vaxtdan başlayaraq ETSN-də dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanıb. İnfrastruktur imkanları 20 min m3/gün olan, ilkin mərhələdə pilot olaraq gündə 1000 m3 gücünə malik dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleksin inşası üzrə pilot layihənin icrasına start verilib, ən müasir tələblərə cavab verən zavodda tərs osmos membranları ilə təchiz olunmuş avadanlıq quraşdırılıb. Dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks 2013-cü ilin əvvəlində işlək vəziyyətə çatdırılıb və bir müddət sınaq rejimində yoxlamadan keçirildikdən sonra əsaslı rejimdə fəaliyyətə başlayıb. Hazırda müəssisədə gün ərzində 1000 kubmetr həcmində duzsuzlaşdırılmış su istehsal olunur və bu sudan müəssisə daxilində salınmış tingliklərin, həmçinin Xıdırlı kəndi yaxınlığında ETSN tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əkilmiş ağacların suvarılmasında istifadə olunur. Eyni zamanda, gələcəkdə ehtiyac olarsa, bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər. Layihəyə uyğun olaraq ərazidə ildə 1 milyon ədəd ağac və kol (o cümlədən dekorativ) cinsləri yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik yaradılıb. Eyni zamanda avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılıb, mikroiqlim nəzarətini həyata keçirmək məqsədilə temperatur, rütubət, küləyin sürəti, istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılıb. Bu layihə Abşeron yarımadası və onun ətrafında yaşayan əhalinin suya olan tələbatı qarşısında gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılmasına texnoloji hazırlıq baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Həmçinin duzsuzlaşdırılmış dəniz suyu ilə suvarılan yeni yaradılmış tinglik, paytaxt və ona bitişik ərazilərdə yeni yaşıllıqların salınması yolu ilə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi irəliləyişlərə nail olunmasına şərait yaradacaq. Bütün bunlar isə regionlarda da innovativ texnologiyalar sayəsində mümkün olub və belə texnologiyaların tətbiqi ilə bölgələrdə yaradılan müəssisələrin sayı çoxalmaqdadır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.