Azərbaycana qarşı böyük qərəz

18 Oktyabr 2013 08:48 (UTC+04:00)

Xarici siyasət kursunda Azərbaycanın prioritet olaraq seçdiyi istiqamətlərdən biri də Qərb dünyasına inteqrasiya etməkdir. İndiyə qədər qeyd olunan səpkidə Azərbaycan kifayət qədər böyük işlər görüb, hətta bu yolda müxtəlif təzyiqlərə məruz qalsa da öz yolundan dönməyib. Bu gün ölkəmizin Qərb dünyası ilə ən müxtəlif sahələri, o cümlədən enerji sferasını əhatə edən geniş işbirliyi mövcuddur. Sözügedən işbirliyində Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi aparıb və bu ötən zaman kəsiyində dəfələrlə öz real təsdiqini tapıb.

Ancaq təəssüf ki, bəzən qarşı tərəf Azərbaycanla münasibətlərində hələ də obyektiv olmayan mövqe sərgiləməkdən yayınmır. Hər halda son prezident seçkilərinə bəzi Qərb dairələrinin münsibəti bu halı növbəti dəfə tam çılpaqlığı ilə üzə çıxardı. Məlumdur ki, seçkiləri bir proses olaraq Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qərbdən olan çoxsaylı müşahidəçilər kifayət qədər yüksək qiymətləndirdi. Lakin prosesə qeyri-obyektiv yanaşanlar da tapıldı. Bu xüsusda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları (DTİHB) Bürosunun müşahidə missiyası və onlarla eyni mövqe sərgiləyən ABŞ Dövlət Departamenti daha çox diqqət çəkdi. Lakin bunun ardınca Azərbaycan rəsmilərinin verdiyi biri sıra mühüm açıqlamalar ortaya şok bir mənzərə çıxartdı. Eyni zamanda adıçəkilən qurumların Azərbaycana qarşı böyük qərəzinin geniş ictimaiyyətə də məlum olmasına rəvac verdi.

Qeyd edilən xüsusda ilk diqqət çəkən o oldu ki, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov olduqca diqqət çəkən bir məlumat səsləndirdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları (DTİHB) Bürosunun seçkilərlə bağlı ilkin hesabatının hələ seçkidən xeyli əvvəl hazırlandığını açıqlayaraq şox xaraketrli məlumatlara toxundu: "Bizdə olan səhih məlumata görə, hesabatın layihəsi seçkidən əvvəl DTİHB-in Varşava ofisində yazılaraq hazır göndərilmişdir. Azərbaycanda olan missiya isə sadəcə gur fəaliyyət görüntüsü yaratmışdır. Bu, DTİHB-in çoxdan məlum olan iş prinsipidir. Biz təşkilatın Azərbaycan ilə bağlı əvvəlki hesabatlarında da eyni dəst-xətti görmüşük. Maraqlıdır ki, müşahidə missiyası rəhbərliyinə əsasən bizim ölkədə baş verən proseslərdən tamamilə xəbərsiz olan, ya da Azərbaycana və xalqımıza açıq şəkildə qərəzli mövqeyi ilə seçilən insanlar təyin edilir. Hazırkı uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zulueta da məhz belə şəxslərdəndir. Bu dəfə sifarişli hesabatı bəyan etmək üzrə həmin xanımın üzərinə qoyulmuş "missiya" onun ölkəmizə bəslədiyi mənfi münasibətlə üst-üstə düşmüşdür.

Təəssüf ki, DTİHB tərəfindən monitorinqə cəlb olunmuş bir çox müşahidəçilər onların iradəsindən asılı olmayaraq, Azərbaycana qarşı yönəlmiş siyasi oyunun alətinə çevrilmişlər. Müşahidəçilərin əksəriyyəti hesabatın müddəaları ilə üst-üstə düşməyən fikirlər səsləndirmiş, onların üzünü belə görmədikləri, ən azından qərəzli hesab etdikləri sənədə həmmüəllif edilməsi cəhdlərinə açıq şəkildə etiraz etmişlər". Həqiqətən də iş o yerə çatdı ki, ATƏT-in xüsusi əlaqələndiricisi Mişel Vuazan sonradan ayrıca bəyanatla çıxış edərək qısamüddətli müşahidəçilərin qeyd etdiyi müsbət məqamların hesabatda əks olunmadığını bildirdi. Daha sonra isə o da məlum oldu ki, Bizə məlumdur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bəyanatı elan ediləndən sonra Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirləri Avropa strukturlarından olan müşahidəçilər missiyasının bəzi üzvləri ilə görüşüblər. Onlar birgə müşavirədə faktların həyasızcasına təhrif edilməsindən, habelə sənədin birtərəfli hazırlanmasından narazı olduqlarını və hiddətləndiklərini bildiriblər. Azərbaycanda akkreditə edilmiş bəzi diplomatik missiyaların rəhbərləri isə bu rəyə çox sərt münasibət bildirib, onu Aİ-nin Vilnüs zirvə görüşü ərəfəsində Avropa İttifaqının Azərbaycanla münasibətlərini pisləşdirməyə yönəlmiş açıq təxribat adlandırıblar.

Bundan sonra bir sıra yerli agentliklərə müsahibəsində əsl şok məlumatlar Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən səsləndi: "ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər. Yəni, səslərin nisbəti belə olarsa ABŞ Dövlət Departamentinin rəyi balanslaşdırılmış olacaqdı. Məntiqə görə, əgər biz bu məsləhətə əməl etməsək, bütün digər hallarda onların rəyi mənfi olacaqdı. Nəticə məlumdur. Göründüyü kimi, bu sadəcə dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş. Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu, Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi? Axı onlar hansı siyasi platformaya səs vermək lazım olduğunu heç kəsin müdaxiləsi olmadan özləri müəyyən edir".

Akademik Ramiz Mehdiyev burada daha bir incə nüansa da diqqət çəkdi: "Bir mühüm detala diqqətinizi cəlb etmək istərdim: seçkilər günü düz saat 15.00-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov gözlənilmədən brifinq keçirdi. Brifinq zamanı o, ayrı-ayrı seçki məntəqələrində baş vermiş bir neçə hüquqazidd faktı elan etdi. Şəmkir rayonundakı seçki məntəqələrinin birində müxalifət qəzetlərindən birinin nümayəndəsi məntəqəyə soxulub, seçki prosesini pozmağa cəhd göstərib. Orada məsələ yerindəcə araşdırılıb və eksses aradan qaldırılıb. MSK sədri öz operativ məlumatını başa çatdırmağa macal tapmamış, Qərb KİV-lərindən birinin brifinq zalında olan nümayəndəsi həmin insidentin detalları barədə Məzahir Pənahova suallar yağdırdı. Dərhal oradakı adamların hamısına, elə MSK sədrinin özünə də aydın oldu ki, bu qadın jurnalist hazırlanmış təxribatdan xəbərdar imiş, çünki o, ehtiyatsızlıq edərək həmin insidentin elə detallarını söylədi ki, hadisə yerindən 300 kilometr məsafədə bunları bilə bilməzdi".

Bunun ardınca daha bir vacib məqam ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla müdafiə naziri Səfər Əbiyevin Müdafiə Nazirliyindəki görüşlə bağlı oldu. Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, görüşdə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı müzakirə aparılıb: "Mətbuat xidməti bildirir ki, Azərbaycandakı prezident seçkiləri ilə bağlı münasibətini ifadə edən səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir. O, həmçinin edilən müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyini də vurğulayıb". ABŞ səfirliyi bu xəbərdə əksini tapan məqamları təkzib etsə də, Müdafiə Nazirliyi təkzibə təkziblə cavab verdi: "Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır".

Bütün bunlar isə ortaya olduqca maraqlı bir mənzərə çıxarır. ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana qarşı əsl qərəzli və saxtakarlıqla dolu mövqe nümayiş etdirir. Təbii ki, bu da qarşılıqlı əməkdaşlığın ruhunu tamamilə ziddidir və Azərbaycana təsir göstərmək cəhdidir. Lakin ötən zaman belə təsirlərin Azərbaycan üçün keçərsiz olduğunu göstərir. Burada ABŞ-ın mövqeyi ilə bağlı təkziblərinə gəlincə, Azərbaycan Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov baş verənlərə belə münasibət bildirib: "Seçki ərəfəsində Azərbaycan tərəfi ilə görüşlərdə ABŞ rəsmi nümayəndələri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin yüksək etimad reytinqinə malik olması və alternativsizliyi, eləcə də həyata keçirilən əhatəli sosial-iqtisadi proqramlar nəticəsində dövlət başçısının əhalinin bütün təbəqələri tərəfindən dəstəkləndiyi daim vurğulanıb". Dövlət Departamentinin mətbuat xidmətinin təkzibinə isə E.Aslanovun reaksiyası belə olub: "Qeyd etmək vacibdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən ifadə olunan rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə keçirilən müxtəlif görüşlərdə səsləndirilib. Qapalı görüşlərdə bir cür, mətbuat üçünsə ayrı cür danışılmasını yolverilməz sayırıq. Dövlət Departamentinin mövqeyi haqda isə sadəcə bir şeyi qeyd etmək olar - onların real əməllərinin və təkziblərinin nəyə yaradığını bütün dünya "WikiLeaks"in nümunəsində gördü". Beləliklə, real mənzərə Qərbin bəzi dairələrinin Azərbaycana qarşı böyük bir qərəzəini ortaya qoyur. Bu isə ondan qaynaqlanır ki, Azərbaycan bəzi dövlətlər kimi həmin dairələrin sifarişi əsasında fəaliyyət göstərmir, müstəqil şəkildə, millli maraqlarına uyğun öz siyasətini həyata keçirir.