Azərbaycanda şəxsi qatarlar peyda ola bilər

18 Oktyabr 2013 08:53 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin nəqliyyatdaşımada yeni təkliflə çıxış edib. O, Rusiya Dəmiryolları İdarəsinə dəmir yoluna özəl kapitalın cəlbi üçün elə özəl qatarlardan istifadəyə imkan yaradılmasına dair təklif verib. Bununla bağlı hazırlanan layihəyə əsasən, dəmiryoluna özəl kapital cəlb ediləcək və şəxsi lokomotivlər yaradılacaq.

Pilot layihə 12 yolu nəzərdə tutur və 2015-ci ildən artıq şəxsi qatarların istifadədə olacağı gözlənilir. Oxşar praktika bəzi ölkələrdə olsa da, hələlik Azərbaycanda dəmiryolu nəqliyyatı tam olaraq dövlətin nəzarətindədir.

İndiki real vəziyyətdən çıxış edərək, iqtisadçı ekspert Məhəmməd Talıblı bildirir ki, hələlik bu sektora özəl şəxslərin buraxılması nəqliyyat sferasında xaos yarada bilər: "Biz o iqtisadi kursu götürməliyik ki, dövlətin iqtisadiyyatda iştirakı minimuma ensin. Bir az da kobud ifadə etsək, əslində, dövləti iqtisadiyyatdan "qovmaq" lazımdır. Onun üçün emal və xidmətlərin keyfiyyətlərin yüksəldilməsi, məsuliyyətin artması, hər bir şirkətin etdikləri qarşısında bazara özünün satış strategiyasına uyğun olaraq mal və xidmətlərin təklif edilməsi lazımdır. Bu baxımdan özəl sektorun çiyninə daha çox məsuliyyət qoymaq lazımdır. Özəl qatar, təyyarələrin alınması, elektrikin hansısa şirkətlərə verilməsi kimi məsələlərdə də özəl sektorla məsuliyyət və xidmətləri paylaşmaq daha doğrudur. Ancaq hərbi sənaye kompleksi, ölkənin nəqliyyat infrastrukturu, xüsusi ilə dəmir yolu xidmətləri, avia təyyarələrin alınması kimi elə strateji sahələri var ki, orada daha çox dövlətin mövqeyi və xidmətləri çoxalmalıdır. Çünki, elə xarici şirkətlər var ki, onun həmin sektora daxil olması ölkənin strateji maraqları ilə ziddiyyət təşkil edə bilər. Konkret olaraq həmin şirkətlər ölkədə hər hansı bir sosial, siyasi, iqtisadi sabotaj yaratmaq imkanlarına malik olurlar. O baxımdan elə sahələr var ki, ora xarici şirkətlər buraxılmamalıdır. Bura xüsusi ilə də qatarların alınması daxildir. Burada dövlət və özəl şirkətlərin maraqları və məsuliyyəti qarışır. Yəqin ki, daha detallı məsuliyyət bölgüsü ilə təmin emək olar. Amma dövlətin hansı, özəl sektorun hansı xidməti təklif etməsi məsuliyyətlərinin bölüşməsində ciddi problem yarada bilər. Ona görə də əlavə olaraq belə bir iş görmək ölkənin nəqliyyat sistemində növbəti xaosun yaranmasına səbəb olacaq.

Özəl sektorun cəlb edilməsi əlavə problemlər yarada bilər. Bu baxımdan xarici və qonşu ölkələrdə olan təcrübələrin tezliklə ölkəmizdə tətbiq edilməsinin tərəfdarı deyiləm. Nəqliyyat siyasəti çox ölçülü-biçili olmalıdır. Əks halda, ölkədə nəqliyyat sistemində ciddi problemlər ola bilər. Düzdür, Nəqliyyat Nazirliyi özəl sektor ilə məsuliyyətləri konkretləşdirə bilsə, nə vaxtsa bunu tətbiq etmək olar. Amma indiki halda real vəziyyətdən çıxış etsək, bunu Azərbaycan üçün məqbul hesab etmirəm".

Ekspert əlavə etdi ki, biz qiymətlərin əmələ gəlməsini tələb və təklifin altında baş verməsini istəyirik: "Ancaq narahatçılıq onunla bağlıdır ki, burada qiymətin əmələ gəlməsi hesabına xaosun yaranması təhlükəsi var. Biz bilmirik xarici və yerli investorlar üçün bu şərtlər hansı səviyyədə olacaq. Dünyanın inkişaf etmiş ölkələrində belə, hətta ən liberal iqtisadi kursu götürən ölkələrdə elə sahələr var ki, ora xarici investorların buraxılması tamamilə qadağan edilib. Yox, əgər ölkə daxilində yerli investorlar üçün nəzərdə tutulacaqsa, məsələ başqa tərəfdən mürəkkəbləşə bilər. İndiki halda mexanizm dəqiq deyil deyə, vətəndaşlara yönəlik məsələləri qiymətlədirməliyik. Yəni, qatarların alınmasından sonra ölkənin nəqliyyat sistemində hansı yeniliklər baş verəcək? Burada hədəflər və perspektivlər, ölçüləbilən nəticələr olmalıdır. Biz yeni xidmətlərin nə gətirəcəyini, ya da özəl sektorun bu işə qoşulmasının büdcə daxilolmalarını artırıb-artırmayacağını bilməliyik".