Ərzağa daha çox pul xərcləməli olacağıq

18 Oktyabr 2013 11:08 (UTC+04:00)
Məlumdur ki, Azərbaycanda əhalinin gəlirlərin çox hissəsi hələ də ərzağa xərclənir. Bu xərcin şəhər və kəndlərdə fərqli olmaqla təxminən gəlirlərin yarısı qədər olduğu bildirilir. Halbuki, inkişaf etmiş ölkələrdə ərzağa əmək haqqının 10-12 faizi xərclənildiyi bildirilir. Əhalimizin xərclərinin 14. 4%-i qeyri - ərzaq məhsullarının alınmasına, 37.5 % isə xidmətlərə yönəlir. Kommunal xərclər isə 7.2 % təşkil etdiyi halda təhsilə qoyulan vəsait 1.6-1.9%, arasında dəyişir. Gəlirin təxminən 4%-i səhiyyənin payına düşür. İstirahətimizə isə xərclərimizin təxminən 3 faizini ayırırıq. Ancaq ekspertlərin fikrincə, ən çox pul təhsilə və səhiyyəyə ayrılmalıdır.
Hazırda diqqətçəkən məqamlardan biri də odur ki. iqlim, siyasi, iqtisadi və digər amillərə görə dünyada ərzağın qiyməti art-arta gedir. Mütəxəssislər bildirirlər ki, artan ərzaq qiymətləri ölkəmizdə gəlirlərin qidaya xərclənən payını artıra bilər. Amma bu xərcin artmaması üçün bir çox tədbirləri də istisna etmirlər. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, bu gün Azərbaycanda orta əmək haqqını 364 manat götürdükdə, şəhər əhalisinin gəlirlərinin 47%-i, kənd yerlərində isə 49%-i ərzağa xərclənir: "Ölkə ərazasində pərakəndə ticarət şəbəkəsində ölkə sakini ayda 36,5 manatlıq ərzaq malı alır. Bizdə əhalinin gəlirlərinin 6-7%-i təhsil xərcləridir. Xidmət xərclərinə 18% yönəlir. Ümumiyyətlə, əhalinin gəliri azaldıqca ərzaq xərcləri daha çox artmağa başlayır. Gəlir artdıqca daha çox qeyri-ərzaq - xidmət, mədəniyyət, turizm kimi sferalara qoyulan xərclər artır. Yəni, əhalinin gəlirləri azalanda zəruri xərclərin miqdarı artır".
Ekspert bildirdi ki, hazırda dünyada qida məhsullarının qiyməti artır: "Bu da dünyada quraqlığın, yağıntının miqdarında tarazlığın pozulması ilə əlaqədardır. Azərbaycanda qida məhsullarının qiymətinin qalxmaması üçün dövlət müəyyən tədbirlər görə bilər. Bunun nəticəsində gəlirlərin az qismini qidaya xərclənmiş olarıq. Əhalinin inkişafında duran amillərdən biri odur ki, ailələr xərclərinin böyük bir hissəsini təhsilə və mədəniyyətə ayırırlar. Hökumət bu istiqamətdə bir neçə tədbirlər həyata keçirə bilər. Birincisi, ölkədə Rəqabət Məcəlləsinin qəbul edilməsi sürətlənməlidir. Ölkə daxilində rəqabət tam şəkildə təmin edilməlidir. O zaman təklif edən şirkətlərin sayı artacaq. Bu da bazarda məhsul bolluğunun yaranmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. İkincisi, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi sürətlənməlidir. Üçüncüsü, kənd təsərrüfatı məhsullarının satış bazarlarına çıxışı asanlaşdırılmalıdır. Vasitəçilərin sayı minimuma endirilməlidir. Digər tərəfdən, ölkə daxilində resurslar bazarını inkişaf etdirmək lazımdır. İstehsalçıların resurslara çıxışı asanlaşdırılmalıdır. Belə olarsa, məhsulların qiyməti aşağı düşə bilər. Həm də bu, əhalinin nominal gəlirlərinin artması ilə yanaşı, real gəlirlərinin artmasına gətirib çıxaracaq. Yəni, bazarda rəqabət şəraitinin yaxşı təmin edilməsi əhalinin real gəlirlərinin artmasına gətirib çıxara bilər".
Digər iqtisadçı-ekspert Zöhrab İsmayıl bildirdi ki, hazırda yanlız ərzağa çəkilən xərclər artmır: "Ümumiyyətlə, bütün məhsullar və xidmətlər üzrə qiymətlərin artım prosesi gedir. Azərbaycanda təqribən gəlirlərin yarısı ərzaq məhsullarına xərclənir. Odur ki, dünyada ərzaq məhsullarının bahalaşması Azərbaycan vətəndaşlarının bu xərclərini daha da artıra bilər. Ona görə də hazrıda ərzaq təhlkükəsizliyi qlobal səviyyədə gündəmdə olan məsələdir. Bu, məhz həmin təhlükədən irəli gəlir. Çünki, yalnız Azərbaycanda yox, o cümlədən bir çox ölkələrdə ərzağa çəkilən xərclər artmaqdadır. Ona görə Azərbaycan da ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə ciddi yanaşmalıdır. Düzdür, ölkəmizin bununla bağlı proqramları var. Amma daha strateji hədəflər qoyulmalıdır. Bu, problemləri bir qədər yumşalda bilər. Bizdə əsasən regionlarda gəlirlərin çox hissəsi ərzağa sərf olunur. Odur ki, ərzaq təhlükəsizliyi proqramının reallaşdırılması və regionların daha sürətli inkişafı lazımdır. Çünki, ərzaq təhlükəsizliyinin bərqərar olması, həm də regionlarda yoxsulluğun azaldılması üçün bölgələrin daha sürətlə inkişaf etdirilməsi vacibdir".