Toyuqlar zibilə qarşı
3 Aprel 2012 20:22 (UTC+04:00)
Fransanın şimal-qərbində yerləşən Pins kəndinin hökumət
nümayəndələri qeyri-adi - hər bir evə iki toyuq vermək təklifilə
çıxış ediblər. Gözlənilir ki, bu, üzvi zibilin azalmasına kömək
edəcək.
Təşəbbüsün müəllifləri hesablamışlar ki, hər bir toyuq ildə 150
kq-a qədər zibil yeyə bilər. Daha bir üstün cəhət də vardır:
toyuqlar kəndliləri təkcə zibildən xilas etmir, həm də onları
yumurtaya pul xərcləməkdən azad edir. Hökumət nümayəndələrinin
təklifində maraqlı olanlar toyuqları cari ilin sentyabrında əldə
edə bilərlər.
Kəndin meri Lidi Pastonun sözlərinə görə, əvvəlcə bu, sadəcə olaraq
zarafat olub, lakin sonra hakimiyyət nümayəndələri başa düşüblər
ki, təşəbbüs həmçinin ictimai əlaqələri də gücləndirə bilər:
müvəqqəti olaraq evdə olmayan qonşuların it və pişiklərinə, eləcə
də toyuqlarına baxa bilərlər.
Hazırda məlumdur ki, Pinsdə toyuq almağa 15-20 ev razılıq
verib.
Qeyd edək ki, zibil əksər ölkələrdə ciddi problemə çevrilib.
2007-ci ildə İtaliyanın Neapol şəhərində şəhər zibilxanalarının
həddən çox dolması səbəbindən fövqəladə vəziyyət yaranmışdı.
Yeri gəlmişkən, ABŞ sakinləri 48 milyard ton plastik zibil atır və
bunun yalnız 7 faizi yenidən emal olunur. Qalanları isə yeraltı
zibilxanalara göndərilir. Bəzi populyar Böyük Britaniya
çimərlikləri plastik zibil təbəqəsi altında qalıb. İllik
araşdırmalar göstərir ki, çimərliklərdə plastik paketlərin,
butılkaların, iplərin və bükülülərin miqdarı son 15 il ərzində 12
faiz artıb. Bu zibillərin, demək olar ki, yarısını qum üzərində
istirahət edənlər saxlayırlar və yalnız 15 faizi sahilə gəlmiş
balıqçılıq gəmilərinin zibilləri olur. Zibilyığanlar təkcə bir
çimərlikdən 16243 plastik butılka, 7393 paket, plastik maddədən
hazırlanmış mətbəx əşyalarının fraqmentlərini, sinilər, plastik
çöplər və fincanlar yığıblar.