Günel döyülməsi ilə bağlı xəbərə aydınlıq gətirdi-Eksklüziv

18 Oktyabr 2013 13:16 (UTC+04:00)

Mediada və sosial şəbəkələrdə yayılan məlumatlara görə, tanınmış müğənni Günel Ələkbərova döyülərək tanınmaz hala salınıb. Bu informasiyanın nə dərəcədə həqiqəti əks etdirməsini öyrənmək üçün Movqe.az müğənni ilə əlaqə saxlayıb. Günel Ələkbərova xəbərin yalan olduğunu bildirib: "Mənim döyülməyim barədə xəbər bir var şayiə olsun, bir də var ki, yalan, anormal bir xəbər... Hamıya məlumdur ki, mən dodaqlarımda olan selikondan azad olmaq üçün əməliyyat olunmuşam. Onu da qeyd edim ki, əməliyyata getdiyim gün belə Astaradan konsertdən gəlib, saat 7-də əməliyyata girmişəm. Mənə qarşı elə bir hərəkət ola bilməz. Mən özümə hörmət edən xanımam. Danışığımı, hərəkətimi bilən biriyəm. Mən xoşlamıram ki, cangüdənlə gəzim. Adi evimə bir şey lazım olanda düşüb marketdən özüm alıram. Toya, konsertə gedəndə də cangüdənsiz gedirəm. Çünki buna ehtiyacım və marağım yoxdur! Bu şayiəni sadəcə hansısa sayt, jurnalist yazıb, yayıb. Bu da onların savadsızlığından irəli gəlir. Əgər tanınmış müğənni əməliyyata girirsə və bunu bütün media orqanları həmin şəkillə birgə yayımlayırsa həmin şəkli bir neçə gün sonra götürüb başqa başlıqla qoymaq axı nə deməkdir? Yatıb yuxuda kimsə nəsə görür, sonra da "partlatmaq" xatirinə onu yazır. Olmaz! Mən məhkəməyə müraciət edəcəyəm. Mən o günə qalmamışam ki, hansısa proqrama müraciət edib, kömək istəyim. Mən sadəcə "Adam içində" proqramına dəvət almışam və əməliyyatla bağlı olduğunu zənn edib həmin proqramda iştirak etmişəm. Orada mənə məsələni deyəndə ki, sən döyülmüsən, inanın, mən özüm şok keçirdim. Elə bilirdim ki, proqramda iştirak edən digər müğənnidən söhbət gedir. Mənim yaxınlarım da, heç bir halda bu işə müdaxilə etməyib, heç bir açıqlama da verməyib. Sadəcə, bunlar reytinq xatirinə olan bir şeydir. Kimsə belə şayiə uydurursa, məhkəmə qarşısında cavab verəcək. Həyatı boyu belə şey ola bilməz. Mənim həmkarlarımdan bəziləri məndən çəkinir. Çünki mən sözü üzə deyən xanımam. Özümə hörmət edirəm. Mən nə qorxaq deyiləm, nə də ki, yaltaq! Nə də ki, bir ayıb işim yoxdur ki, kimsə cürət edib məni döysün".