Bu gecə Ay tutulacaq

18 Oktyabr 2013 13:35 (UTC+04:00)

Noyabrın 3-də isə Bakıda da gözlə müşahidə ediləcək Günəş tutulması baş verəcək

Oktyabrın 18-dən 19-a keçən gecə Ay tutulması baş verəcək.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, oktyabrın 18-dən 19-a keçən gecə saat 02:51-dən müşahidə olunmağa başlanacaq Ay tutulması saat 06:48-də sona çatacaq.

 

Onun sözlərinə görə, bu yarımkölgəvari Ay tutulması olacaq və Yer kürəsinin şimal yarımkürəsində baş verəcək: "Bu tutulma yarımkölgəvari olduğuna görə onu gözlə müşahidə etmək mümkün olmayacaq. Bu prosesi ancaq çox həssas cihazlar müşahidə edə bilər. Bakıda da insanlar Ay tutulmasını müşahidə edə bilməyəcəklər".

 

X.Mikayılov qeyd edib ki, noyabrın 3-də isə Günəş tutulması baş verəcək: "Aaat 14:06-da başlayacaq Günəş tutulması saat 19:28-də sona çatacaq. Günəş tutulması əsasən Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə ediləcək. Bakıda isə Günəş tutulması günəş batana yaxın bir müddət ərzində müşahidə etmək mümkün olacaq. Belə ki, Bakıda Günəşin qismən tutulmasını noyabrın 3-də saat 17:24-də müşahidə etmək mümkün olacaq. Bu zaman Ayın diski Günəşin diskinə toxunacaq. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik bir hissə qaralmağa başlayacaq. Günəş batana yaxın təxminən 7 dəqiqə ərzində Günəş tutulmasını gözlə müşahidə etmək mümkün olacaq. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək".