Tələbələrə avtobuslarda 10 manatla ödəməklə bir illik gediş-gəliş imkanı -Eksklüziv

18 Oktyabr 2013 14:16 (UTC+04:00)

Azərbaycanda tələbələrə avtobuslardan güzəştli istifadə üçün birdəfəlik ödəmə imkanı yaradıla bilər.  Bu məlumatı eksklüziv olaraq Movqe.az-a Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov verib. E.Hüseynov bildirib ki, yaxın gələcəkdə ictimai nəqliyyatda kart sisteminin işə düşməsi gözlənilir. Tələbə kartının da ictimai nəqliyyatda istifadəsi üçün müvafiq icra qurumuna müraciət edilib: "Tələbələrin onlara paylanılan tələbə kartlarından ictimai nəqliyyatda da güzəştlə istifadə etməsi üçün bu il bir sıra yeniliklər gözlənilir. Biz bir müddət öncə təklif vermişik ki, tələbə kartları da avtobuslarda istifadə edilsin və güzəşt imkanı yaradılsın. Bunun üçün müvafiq nazirliklərlə danışıqlar aparılır. Təkliflərdən biri odur ki, tələbələr tələbə kartları ilə ilkin olaraq avtobuslardan 10-20 faiz güzəştlə yararlansınlar. Amma əsas təklif tələbələrə güzəştli birdəfəlik ödəmə imkanının yaradılmasıdır. Təklifə görə, tələbələr 10 manat ödəməklə bir il ərzində şəhərdaxili sərnişindaşımada xidmət göstərən avtobuslardan istifadə etmək imkanı qazansınlar. Hələki bu təklif üzərində danışıqlar aparırıq. Biz istəyirik ki,  10 manatlıq birdəfəlik ödəmə üçün güzəşt limitsiz olsun. Yəni tələbələrə 10 manatlıq güzəştli ödəmə üçün gün ərzində avtobuslardan iki dəfə istifadə etmək kimi limit qoyulmasın. Bu güzəşt limitsiz olsun. Məqsədimiz tələbə kartları vasitəsilə tələbələrə daha çox xidmət sahələrində güzəşt imkanının yaradılmasıdır. Gələcəkdə Bakı metropoliteni ilə də tələbələrə güzəşt edilməsi üçün danışıqlar aparmaq nəzərdə tutulub. İlkin variantda avtobuslarda bu güzəşti, ictimai nəqliyyatda kart sisteminə keçid gerçəkləşdikdən sonra  reallaşdırmaq istəyirik".

E. Hüsyenov hələki bu il tələbə adını qazananlara tələbə kartlarının paylanılmadığını söyləsə də, təhsil müəssisələrindən tələbələrlə bağlı məlumatlar daxil olduqca kartların hazırlandığını söylədi. Onun sözlərinə görə, ümumən ölkə üzrə 197 min tələbədən 110 mini artıq tələbə kartına sahibdir. 86 min tələbənin də kartla təminatı istiqamətində işlər görülür. E. Hüseynov bildirib ki, kart sahibi olan tələbə-gənclər ölkənin müxtəlif mağazalarında, əyləncə və alış-veriş mərkəzlərində, komputer mağazalarında və bu kimi digər yerlərdə 5%-dən 50%-ə qədər endirimlər əldə edirlər: "Kart daşıyıcıları üçün güzəştlərin tətbiq olunduğu bütün obyetklərin vahid kataloqu da hazırlanaraq paylanılır. Və tələbələr üçün güzəşt edən ticarət obyektlərinin sayı artdıqca həmin siyahıya əlavələr edilir. Eyni zamanda, tələbə kartı ilə bağlı problemlərin aradan qalıdırlması və əlavə məlumat üçün xüsusi qaynar xətt (187) də yaradılıb".

 Xatırladaq ki, "Azərbaycan Tələbə kartı" layihəsi ATGTİ-nin təklifi əsasında "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramına daxil edilib. Hazırda bu layihə ATGTİ, Gənclər və İdman və Təhsil nazirlikləri ilə birgə "Xəzər" İnvestisiya Mərkəzi tərəfindən reallaşdırılır.