Telekanallar səhvlərini düzəltməyib-Özəl
18 Oktyabr 2013 15:35 (UTC+04:00)
Özəl telekanallarda Azərbaycan dilinin ədəbi normalarına riayət
olunmasına dair keçirilən ikinci monitorinqin nəticəsi ilə bağlı
hesabat artıq hazırdır. Bu barədə Movqe.az-a Dilçilik İnstitutunun
böyük elmi işçisi, dosent Təranə Şükürlü açıqlama verib. T. Şükürlü
bildirib ki, bu həftənin sonu monitorinqin nəticələrinin
ictimaiyətə açıqlanması gözlənilir. T. Şükürlü ilk
monitorinqdə telekanallara səsləndirilən iradlardan telekanalların
çoxunun nəticə çıxarmadığını da söyləyib. Onun sözlərinə görə,
mənzərə bu dəfə də təxminən eynidir. Hesabatda göstərilənlərin
geniş formada ictimaiyyətə açıqlanacağını bildirən T. Şükürlü
monitorinqin nəticələrinə dair ətraflı məlumat verməyib. Qeyd edək
ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın
teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli
Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının
ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi
monitorinq davam edir. Monitorinq ANS, ATV, İTV, "Lider", "Xəzər"
və "Space" kanallarını əhatə edəcək.