Regionlardan zənglər pulsuz olacaq-Eksklüziv

18 Oktyabr 2013 16:26 (UTC+04:00)

Regionlardan dövlət qurumlarının "Qaynar Xətt"lərinə gələn telefon zəngləri pulsuz olacaq. Bu məlumatı eksklüziv olaraq Movqe.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov söyləyib. M. Əmirov deyib ki, hələki dövlət qurumlarına təkliflər hazırlanıb: "Regionlardan dövlət qurumlarının "Qaynar Xətt" nömrələrinə edilən zənglərin pulsuz olmasının müsbət əhəmiyyəti var. "Qaynar Xətt" telefon xidməti vasitəsilə vətəndaşlar öz şikayət və müraciətlərini qurumlara ünvanlayırlar. Paytaxtda qurumların "Qaynar Xətt"inə edilən zənglər pulsuzdur. Bu mənada hər kəs bu imkandan faydalana bilir. Regionlarda isə qurumların "Qaynar Xətt"inə edilən zəngə görə, vətəndaş pul ödəyir. Ola bilər ki, kiminsə maddi imkanı olmadığından həmin şəxs şikayət və müraciətini müvafiq qurumun "Qaynar Xətt"inə danışmaq imkanından yararlana bilməsin. Ona görə də, biz düşünürük ki, bu imkan regiondakı vətəndaşlar üçün də yaradılmalıdır. Onlar da ev telefonlarından müvafiq qurumun "Qaynar Xətt" nömrəsi ilə əlavə ödəniş etmədən əlaqə saxlamaq imkanı əldə etməlidir. Ona görə də, dövlət qurumlarına bunun üçün təklif hazırlanılıb".

M. Əmirov artıq RİTN-nin "Qaynar Xətt" nömrəsi ilə regionlardan danışığın pulsuz olduğunu söylədi.  

Qeyd edək ki, regionlardan qurumların "Qaynar Xətt" nömrəsi ilə əlaqənin pulsuz olması təklifi yalnız ev telefonları üçün keçərli olacaq.