Vüqar Səfərli: “Mənzillər yeni ilə qədər sahiblərinə təhvil veriləcək”

18 Oktyabr 2013 19:14 (UTC+04:00)

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın mənzilləri yeni ilə qədər sahiblərinə təhvil veriləcək. Bunu "Media forum" saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, bina ilə bağlı sərəncamın verilməsi üçün bütün sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: "Öncə qurumun komissiyası sənədlərə baxıb rəy verir ki, sənədlər qəbul olunsun. Daha sonra məsələ ilə bağlı xüsusi dövlət komissiyası yaradılır və həmin komissiya üzvləri o sənədlərə qol çəkir. Son olaraq isə binanın istismara verilməsi üçün ikinci sərəncam imzalanır. Binadakı mənzillər yeni ilə qədər sahiblərinə təhvil veriləcək".

Yeni Salyan yolu, 22-də yerləşən binanın açılış mərasimi iyulun 22-də olub, 156 mənzilin sahibləri müəyyənləşib.