Rusiyada yeni şovinizm dalğası...

19 Oktyabr 2013 08:35 (UTC+04:00)

Rusiyada son günlər miqrantlara, xüsusən də Azərbaycandan olan şəxslərə qarşı həyata keçirilən siyasət hələ də gündəmin ən aktual mövzularından biri olaraq qalır. Həbs olunarkən işgəncə və digər qeyri-sivil hərəkətlərlə üzləşən Orxan Zeynalovun başına gətirilənlər fonunda Rusiyada miqrantlara qarşı yeni bir şovinizm dalğasına da start verilməkdədir. Halbuki, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya cəmiyyəti üçün arzuolunmaz proseslərin inkişafına şərait yarada bilər.

Maraqlısı odur ki, yerli rəhbərlik də əksər hallarda şazırda miqrantlara qarşı milliyyətçi mövqe sərgiləyən şovinistlərin əməllərinə göz yumur. Görəsən, belə vəziyyət Rusiyanın Azərbaycan və MDB məkanda yer alan digər ölkələrlə münasibətlərinə nə vəd edir?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev qeyd etdi ki, Rusiyanın belə hərəkətləri birinci növbədə onun özünə ziyan gətirəcək: "Bütövlükdə Rusiyanın hakimiyyəti və ictimaiyyətinin miqrantlara münasibəti sivil münasibətdən çox-çox uzaqdır. Bunun səbəblərini Rusiyanın həm mentalitetində, həm bəzi siyasi dairələrinin məqsədlərində axtarmaq lazımdır. Rusiyaya axışan keçmiş sovet respublikalarından, indi isə müstəqil olan dövlətlərdən olan əməkçi miqrantların, ümumiyyətlə, qeyri-rusların bu ölkədə çalışması üçün Moskva sivil dövlət nümunəsi göstərə bilmədi və bilməyəcək. Görünür, bu, Rusiyaya mənsub olan bir xarakter deyil. Vaxtilə Böyük Britaniya da müstəmləkə ölkəsi olub. Onun Asiya, Afrika, ərəb şərqində, Avstraliya qitələrində çoxsaylı müstəmləkələri olub. İndi həmin keçmiş metropoliyalardan milyonlarla insan Britaniyada müxtəlif statuslarda yaşayır və calışır. Britaniyada bəzi kiçik istisnaları çıxmaq şərtilə həmin insanlara Rusiyanın miqrantlara göstərdiyi tərzdə münasibətlər həm çalışma imkanı, həm dini etiqad və mədəniyyəti saxlama imkanı baxımından, qətiyyən yoxdur. İndi Britaniyanın formal olaraq koloniyası hesab olunan dövlətlər həmin qurumdan çıxmaq istəmirlər. Bu da onlara münasibətdə sivil münasibətlərin qurulmasının nəticəsidir. Hindistanla Əfqanıstan qonşudurlar. Hindistan vaxtilə Britaniya imperiyasına daxil edilib. Əfqanıstan isə Britaniyaya qarşı üç dəfə müharibədə olub. Hazırda dünya sivilizasiyasında xüsusi yeri olan Hindistana da, dağılmaqda və gələcəyi tamamilə şübhəli olan Əfqanıstana da baxın. Bu da keçən əsrin 20-ci illərindən Əfqanıstanın taleyini Rusiya ilə bağlamasından irəli gəlir. Rus mədəniyyətinin digər xalqlara təsirini qətiyyən danmıram. Vaxtilə vahid dövlətin əsas nüvə qüvvəsi də Rusiya idi. Rusiya SSRİ-də birləşən xaıqlar üçün də məsuliyyət daşıyırdı. SSRİ-nin dağılması ilə vərəsəlik hüququnu da Rusiya öz boynuna götürdü. Həmin vaxtlar xalqlar tarixi axın olaraq həmişə Rusiya tərəfə gedirdi və bu gün də davam edirlər. Amma indi gör nə vəziyyət yaranıb ki, Rusiya özünü qorumaq üçün miqrant kartından istifadə edir. Hətta bu istiqamətdə qabaqcadan planlar da hazırlanır və nəticədə olduqca xoşagəlməz hadisələr yaşanır. Bu da Rusiyanın gücünü deyil, gücsüzlüyünü göstərir. Rusiya ölkəsində yaşayan başqa xalqlara münasibətdə nə qədər sivil münasibət bəsləsə, o qədər də güclü olar və hörmət qazanar. Amma indi müsəlmanların Qurban bayramını keçirmək məsələsi Rusiyada böyük bir problemə çevrilib. Halbuki, Rusiyanın böyük bir hissəsi müsəlman regionudur. Moskva bunları heç zaman unutmamalıdır. Bu dövlət perspektivdə necə inkişaf edə bilər? Zorla nəyinsə qarşısını almaq və hansısa məqsədlərə çatmaq gələcəkdə onların özlərinə böyük təhlükələr yarada bilər. Miqrant oranın vətəndaşı deyilsə, əlbəttə ki, çətin şəraitdə yaşayır. O da bəzi məsələləri, rusların mentalitetinin, ölkə qanunlarını nəzərə almalıdır. Özünə qarşı vəhşi aktların törədilməsinə əsas verməməlidir. Amma bununla bərabər Rusiyanın ikinci sort hesab etdiyi vətəndaşlara qarşı belə münasibət sərgiləməsi bu ölkənin özünü dünyada biabır edir. Xarici ölkələr də bu məsələyə münasibətdə Rusiyanı qınayırlar. Rusiya bunları nəzərə almalıdır. Ya miqrantları tamamilə ölkədən təmizləməlidir, bunu etmirlərsə, Rusiya onların da haqqını tanımalı və sivil münasibətdə olmalıdır. Bu, ilk öncə Rusiyanın özünə lazımdır".

Politoloq Elşən Mustafayev düşünür ki, Kremlin sözügedən hərəkətləri istər-istəməz Azərbaycan və digər MDB ölkələrini ondan uzaqlaşdıra bilər: "Əslində, Rusiyadakı bu şovinist siyasətin arxasında nəinki yerli məmurlar, ölkənin ali hakimiyyəti dayanır. Kiçik bir olayın digər millətlərə münasibətdə aqressiv təbliğat vasitəsinə çevrilməsinə nə prerzident, nə də baş nazir səviyyəsində münasibət bildirilməyib. Rusiya daxili işlər nazirinin hadisədən şou düzəltməsini də ali hakimiyyətdən gələn mesaj kimi dəyərləndirirəm. Düşünürəm ki, burada bir neçə məqsəd var ki, ondan da ayrı-ayrı qüvvələr öz maraqları naminə yararlanmaq istəyir. Rusiyanın ali rəhbərliyi bu məsələni Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək üçün təzyiq vasitəsi olaraq atırsa, digər siyasi qurumlarda ondan öz digər maraqları naminə bəhrələnməyə çalışır. Amma bütün hallarda bu məsələ siyasi xarakter daşıyan bir tamaşaya oxşayır. Adi cinayət hadisəsini Rusiya miqyasında böyük bir kampaniyaya çevirmək yalnız siyasi məqsəd daşıya bilər. Ali rahbərliyin prosesə reaksiya verməməsi isə hadisədən sonar yaranan olayların düşünülmüş ssenari olduğunu göstərir. Rusiya hər zaman siyasi iddialarını həyata keçirərkən heç bir diplomatic qaydalara sığmayan hərəkətlərə yol verməklə birbaşa, açıq şəkildə tələblərinin nədən ibarət olduğunu ortaya qoyur. Müəyyən dövlətləri Rusiya ilə ittifaqdan çəkindərən səbəblərdən biri də Moskvanın məhz digərlərinə münasibətdə hədə-qorxu siyasətilə danışmasıdır.

Özünü reketsayağı aparan dövlətlə heç kim istəməz ki, hər hansı bir siyasi, iqtisadi birlikdə olsun. Ukraynanın hazırkı hakimiyyəti Rusiyameylli iqtidardır. Amma o da məlumdur ki, Yanukoviç Gömrük İttifaqına daxil olmaqdan imtina edərək Avropa İttifaqının Litvada keçiriləcək toplantısına ora assosiativ üzv olmaq üçün qatılacaq. Keçən həftə Kaluqa şəhərində Medvedyevlə onun ukraynalı həmkarı Azarov arasında görüşdə də birincisi açıq şəkildə təhdid edərək Qərbə meyllənməklə Kiyevə qarşı iqtisadi addımlar atacaqlarını bəyan etdi. Bu da onu göstərir ki, öz niyyətlərinə nail olmaq yolunda Rusiya istənilən təhdid vasitələrindən belə bəhrələnməyə hazırdır. Belə olan halda özünə hörmət edən heç bir ölkə həmin formada Rusiya ilə hər hansı birliyə daxil olmaq istəməz. Amma təhdidlərin qarşısında davam gətirib-gətirməmək məsələsi də var".